TDT qlobal gücə çevrilir: "Avropa İttifaqına alternativ..." – MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatı Avrasiya məkanında qlobal güc mərkəzinə çevrilir.
Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşündə dövlət başçıları bir sıra müvafiq qətnamələri, həmçinin Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsini imzalayıblar.
“Türk Əsri” çağırışı altında keçirilən toplantıda dövlət başçıları iqtisadi-siyasi, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Dövlət və hökumət başçılarının üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirdikləri toplantıda regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TDT-nin XİN rəhbərlərinin görüşündə TDT-nin beynəlxalq səviyyədə əhəmiyyətinin artdığını vurğulayıb.
"2009-cu ildə Naxçıvan sammitindən başlayaraq TDT-yə üzv dövlətlərin və müşahidəçilərin beynəlxalq nüfuzu və iqtisadi potensialının artması ilə yanaşı, TDT-nin beynəlxalq səviyyədə əhəmiyyəti də artmışdır", - deyə Bayramov bildirib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya müsahibəsində Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq əhəmiyyəti barədə fikirlərini bölüşüb.
- Oqtay müəllim, Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən proseslər kontekstində Türk Dövlətləri Təşkilatı beynəlxalq təhlükəsizlik axritekturasının formalaşmasında güc mərkəzinə çevrilə bilər?
- Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı müasir dövrün çağırışlarını dəqiq dəyərləndirəcək, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik arxitekturasının formalaşmasında güc mərkəzinə çevriləcək. Buna türk dövlətlərinin ehtiyacı var, eyni zamanda bunu həyata keçirmək üçün təşkilat kifayət qədər imkanlara malikdir.
TDT-yə üzv olan ölkələrin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə qarşılıqlı əlaqələr qurduğunu nəzərə alsaq, təşkilatın belə bir potensialının olduğunu görərik. Məhz bugünkü zirvə toplantısında müzakirə olunacaq məsələlərin bundan ibarət olacağını düşünürəm. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı məqamlara diqqət yetirsək, artıq bu məsələ barədə mesajların verildiyini görə bilərik.
Hazırkı dövrdə dünyada baş verən bir çox hadisələr qlobal dəyişikliklərə yol açır.
Belə ki, həm Ukraynada, həm də Yaxın Şərqdəki müharibələr dünya nizamında yeni proseslərə gətirib çıxara bilər. Türk dünyası da gələcək dünyada özünün layiqli yerini tutaraq əsas aparıcı qüvvələrdən biri olmaq istiqamətində ciddi addımlar atmalıdır. Bir daha qeyd edirəm ki, türk dünyasının həm coğrafi məkanı, həm hərbi-siyasi və iqtisadi potensialı, həm yeraltı sərvətləri, həm də digər mühüm amillər onu bu yöndə hərəkət etməyə vadar edir.
Türk dövlətlərinin liderləri dövrün çağırışlarını çox yaxşı anlayırlar. Onların bu istiqamətdə advekat addımlar atacağından əminəm. Çünki gələcəkdə Türk Dövlətləri Təşkilatı ya ciddi bir formata çevrilərək qlobal oynçulardan biri olmalıdır, ya da pərakəndə şəkildə qalaraq böyük güclərin təsir altında olacaq.
- Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada türk dövlətləri arasında vahid regional iqstisadi, enerji və nəqliyyat platformasının formalaşması mümkündür?
- Türk dövlətləri arasında vahid iqtisadi və nəqliyyat platformasının əsasının qoyulması üçün kifayət qədər əmək və zaman lazımdır. Amma nəqliyyat dəhlizinin yaradılması istiqamətdə artıq ciddi addımlar atılmaqdadır.
Bildirim ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Qazaxıstan-Azərbaycan-Türkiyə üçlüyü çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsi, o cümlədən Qırğızıstan-Özbəkistan-Türkmənistan üzərindən dəmir yollarının çəkilməsi və bunun Çinin dəmir yolları ilə birləşdirilməsiylə bağlı mühüm işlər görülür.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr “Orta dəhliz”in inkişafında maraqlıdır və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirlər. Bu baxımdan türk ölkələrinin vahid nəqiliyyat platforması yaratmaq üçün münasib və geniş imkanları var. Artıq Azərbaycan və Türkiyə belə bir layihəni həyata keçiriblər. Bakı-Tbilisi-Qars dəmir yolu mühüm regional nəqliyyat prioritetinə çevrilib.
Qeyd etdiyim kimi, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsində maraqlıdır və bu istiqamətdə tədbirlər görülməkdədir.
Hazıda Qazaxıstan neftinin əhəmiyyətli bir hissəsi Azərbaycan üzərindən Türkiyə və Avropaya daşınmaqdadır. Bununla bərabər, Qazaxıstanın Xəzər dənizindəki limanları, həmçinin Türkmənistanın Türkmənbaşı limanı ilə Azərbaycanın Ələt limanı arasında bağlantıların qurulması üçün birgə əməkdaşlıq daha da intensivləşib.
Qarşılıqlı iqtisadi əlaqələrə gəlincə, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi keçən ilə nisbətən 40 % artıb. Bu, olduqca ciddi bir rəqəmdir. Azərbaycanın türk dövlətlərində yatırdığı investisiya 20 milyard dolları keçib. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə ticarət dövriyyəsinin daha da artırılması nəzərdə tutulur.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun əsasının qoyulması ikitərəfli iqtisadi əməkdaşlıqda önəmli nailiyyət kimi qiymətləndirmək olar. Yəni hər iki istiqamətdə zəruri addımlar atılır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı Avropa İttifaqına bənzər və ya ondan daha konstruktiv formatda fəaliyyət göstərsin.
- Türk Dövlətləri Təşkilatının BMT və ya digər beynəlxalq təşkilatlarla münasibətlər qurmasına ehtiyac duyulur?
- Türk Dövlətləri Təşkilatı regional bir format kimi fəaliyyət göstərir. Nəzərə alaq ki, Mərkəzi Asiya dünyanın qəlbi hesab olunur. Türk dövlətlərinin yerləşdiyi coğrafiya dünyanın ən önəmli regionlardan biridir. Bu, türk dünyası üçün ciddi üstünlüklər yaradır.
Əgər Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə əhəmiyyətli bir təşkilata çevrilərsə, təbii ki, bu təşkilatın beynəlxalq təşkilatlar ilə münasibətlər qurması mümkün olacaq. Bu münasibətlərin qurulmasında heç bir problem olmayacaq.
Yunis Abdullayev
Cebhe.info