Şah İsmayıl Xətaini yarada bilməyən sənətkar: “Ağacın bir kubu 78 manatdan 1400 manata qalxıb...” - MÜSAHİBƏ

Şah İsmayıl Xətaini yarada bilməyən sənətkar: “Ağacın bir kubu 78 manatdan 1400 manata qalxıb...” - MÜSAHİBƏ

Son zamanlar ölkəmizdə əl işlərinə marağın artdığı deyilir.

Bu işlə məşğul olan kifayət qədər sənətkarlar var. Bəzi sənətkarlar əl işlərindən yaxşı qazandıqlarını söyləsələr də, bəziləri durumun maddi vəziyyətin çətin olduğunu bildirirlər. 

Oymaçı rəssam Ələkbər Məmmədov “Cebhe.info” -ya müsahibəsində bu barədə də danışıb:

- Ələkbər bəy, Azərbaycanda əl işlərinə maraq necədir? Sənətkarların əl işlərini nəcə dəyərləndirirlər?

- Əvvələr maraq daha çox idi. Lakin hazırda maraq çox azdır. Əsasən özəl günlərdə, bayramlarda və festivallarda alıcılar olur. Lakin ümumilikdə götürsək, maraq o qədər də çox deyil. Ancaq gözəl əl işlərinə maraq göstərən həvəskarlar da olur.

- Əl işlərinin qiyməti necə tənzimlənir? 

- Əl işlərinin normal qiyməti 15-150 manat arasında dəyişir. Əsasən müştərilərin istəyinə uyğun materallardan istifadə edilir. Ona görə də qiymətlər dəyişkən olur. Bu baxımdan, konkret bir rəqəm söyləmək çətindir.

- Əl işlərində hansı materiallardan daha çox istifadə edilir?

- Daha çox çökə ağacından istifadə edilir. Onun da qiyməti əvvələr 1 kubmetr üçün 78 manat idi. Lakin hazırda qiyməti 1400 manatdır. Əsas problemimiz budur. Bu səbəbdən də sənətkarlar bilmirlər ki, əl işini neçəyə satsın, özünə də nəsə qalsın. Nə çox, nə də çox baha satmaq olur.

- Ən çox canlandırmaq istədiyiniz, lakin edə bilmədiyiniz əsər hansıdır?

- Tarixi mövzularda bir sıra fikirlərim var. Lakin iş otağım balacadır. Ağacın qiyməti də çox baha olduğundan hazırlaya bilmirəm. Amma çox istərdim ki, Şah İsmayıl Xətai əsərimi yaradam.

- İndiyə qədər yaratdığınız şah əsəriniz hansıdır?

- Heç şübhəsiz ki, Dədə Qorqud əsərim. Ümumiyyətlə, Azərbaycan mədəni irsi və tarixinə aid olan mövzularda əsər yaratmağı çox sevirəm.

- Bu işlə məşğul olan gənclərə nə kimi tövsiyə vermək istərdiniz?

- Allah xalqımızı, ölkəmizi qorusun. İndiki durumda çoxumuz əziyyətlə pul qazanırıq. Bu işlə məşğul olan gənclərə uğur arzulayıram. Bu işi davam etdirmək istəyirlərsə,mütləq bu işə həvəs göstərməyi tövsiyə edirəm. Həvəslə çalışsalar, mütləq uğur qazanacaqlar. 

Həsən Məmmədov
“Cebhe.info”