Azərbaycan Prezidenti: "Ermənilər etiraf edirlər ki, onların 11-12 min fərarisi olub" - VİDEO

Azərbaycan Prezidenti: "Ermənilər etiraf edirlər ki, onların 11-12 min fərarisi olub" - VİDEO

"Son 80 il ərzində heç bir dövlət, heç bir xalq buna oxşar qələbə qazanmamışdır. Özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik, əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir. Bu müharibələrin gedişatına da baxdıqda hər şey göz qabağındadır".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib:

"Nəzərə alsaq ki, Ermənistanın arxasında böyük dövlətlər dayanmışdı, 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərmişdilər. Bunlara baxmayaraq biz istədiyimizə nail olduq. Çünki haqq-ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdi. 44 gün ərzində bir nəfər belə olsun döyüş meydanını tərk etməmişdi.

Amma ermənilər etiraf edirlər ki, onların 11-12 min fərarisi olub. Xalqımızın böyüklüyü budur. Bizim gənclər müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verirdilər. Heç düşünmürdülər, sağ qalacaqlar, ya yox. Allah şəhidlərimizə rəhmət eləsin. Onları irəli aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görməmişdi. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altında idi. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi, bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı, bizim Qələbəmizə öz töhfəsini versin".

"Cebheinfo.az"