Azərbaycanın sülhlə bağlı 5 şərti: “Sənədlər imzalanmasa, münaqişə olacaq”

Azərbaycanın sülhlə bağlı 5 şərti: “Sənədlər imzalanmasa, münaqişə olacaq”

“Haykakan Jamanak” qəzetinin Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı dərc etdiyi məqalə erməni ictimai rəyində ciddi müzakirəyə səbəb olub.

Qəzet Azərbaycanın Ermənistanla hərtərəfli sülhə nail olmaq üçün beş tələb irəli sürdüyünü yazır. Qeyd edilir ki, bu şərtlər ya yerinə yetirilməli, ya kompromis tapılmalı və ya Azərbaycan bu tələblərdən əl çəkməyə inandırılmalıdır. Azərbaycanın Ermənistan qarşısında beş şərt irəli sürdüyü göstərilir.

1. Qondarma Qarabağ müdafiə ordusunun ləğvi;
2. “Dağlıq Qarabağ”ın heç bir muxtariyyət statusu olmayan Azərbaycanın tərkib hissəsi kimi tanınması, yəni sıfır statusu ilə;
3. Ermənistan ərazisindən keçən dəhliz;
4. 1919-1920-ci illər xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesi;
5. İtkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması (Ermənistanın hərbi cinayətlərdə ittiham edilməsi ehtimalı).

“Haykakan Jamanak” qəzetinin Baş nazirin ailəsinə aid olması anonim müəllifin təqdim etdiyi “etibarlı mənbə”nin Nikol Paşinyanın özü olduğuna dair məlumatların yayılmasına səbəb olub. Məqaləyə Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan reaksiya verib. Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan eks-prezdentin adından bildirib ki, bu məlumatın Ermənistanın Baş nazirinin şəxsi qəzetində dərc olunması əslində müxalifətlə hakimiyyət arasında dialoqa başlamaq təklifinə mənfi cavabdır.

Sabiq dövlət başçısı hesab edir ki, bu məqalə Ermənistan-Azərbaycan münasibətlərinin gözlənilən nizamlanması ilə bağlı Azərbaycanın tələblərini ifşa etmək məqsədi daşıyır. “Bu, əslində, Ermənistan-Azərbaycan sülh müqaviləsinin təfərrüatları, sentyabrın 26-da birinci prezidentin müsahibəsində göstərildiyi kimi, hələ də yalnız Baş nazirə və hakimiyyətin ən yüksək eşelonunda olan məhdud bir dairəyə məlum olan, Azərbaycanın layihə mətnindən başqa bir şey deyil. Təbii ki, oxşar layihəni Ermənistan da hazırlayıb, onun təfərrüatları siyasi səbəblərdən doğru olaraq açıqlanmır”.

Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana 5 bənddən ibarət sülh prinsiplərini göndərib. Həmin prinsiplər aşağıdakılardır:

1. Dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması.

Qeyd edək ki, bu il avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra sülh müqaviləsinin rəsmi İrəvanın 5 prinsipə razılıq verdiyinə dair məlumat yayıldı. Nikol Paşinyanın noyabr ayına qədər sülh sazişinin ilkin mətnini hazırlamaq tapşırığı məhz bununla izah edilirdi. Lakin sentyabrın 13-də Ermənistanın Azərbaycan sərhədinə təxribat törətməsi sülh prosesini pozub. Ona görə də hərtərəfli sülhə nail olunması üçün ilk növbədə bölgədədki gərginlik aradan qalxmalıdır. Ermənistan isə hələ buna hazır görünmür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, “Haykakan Jamanak” qəzetində dərc olunan şərtlər İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü tələblərlə üst-üstə düşür və burada qeyri-adi heç nə yoxdur:

“Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalı, Qarabağ Azərbaycanın suveren ərazisi kimi qəbul olunmalıdır. Heç bir statusdan söhbət gedə bilməz, sərhədlər müəyyənləşməlidir, Ermənistan Zəngəzurdan dəhliz verməlidir. Yəni bunlar əvvəl də mövcud idi. Hesab edirəm ki, Paşinyana yaxın mətbuatın bu məlumatı yayımlaması erməni ictimai rəyini hazırlamaq məqsədi daşıyır. Yəni Azərbaycanın şərtləri budur və biz onu qəbul etməliyik. Əlbəttə, Paşinyan erməni cəmiyyətindən qorxur və prosesi uzadır. Ancaq o, Qarabağ yükündən azad olduğunu parlamentdə elan edib. İndi isə bu məsələni yenidən gündəmə gətirir. Əslində, ermənilərin Azərbaycanın şərtlərini bilməsi daha yaxşıdır. Gizli heç nə qalmamaldır.

Azərbaycan Ermənistana birmənalı şəkildə bildirir ki, Qarabağın ona aidiyyəti yoxdur, separatçılar tərk-silah ediləcək, onlara heç bir muxtariyyat verilməyəcək və Qarabağdakı ermənilər bizim qanunlarla yaşayacaqlar. Ona görə də həmin şərtlərdə yeni heç nə yoxdur. Əsas məsələ Ermənistanın bu tələbləri yerinə yetriməsidir. Paşinyan Qarabağın statusundan vaz keçə biləcəyini dilinə gətirsə də, sülh sazişindən yayınır. Avqustun 31-də əldə olunmuş razılaşmaya görə, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi sülh sazişinin ilkin mətnini hazırlamaq üçün İşçi Qrup yaratmalı idi. Amma xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə görüşsələr də, heç bir nəticə yoxdur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın həmin danışıqlarda “Qarabağ ermənilərinin azadlığı və hüquqları” ifadəsini işlətməsi rəsmi İrəvanın sülhdən qaçdığını göstərir.

Ancaq anlamırlar ki, sülh olmasa, gərginlik yaranacaq, toqquşmalar baş verəcək. Nəticədə, Ermənistan ciddi itkilər verəcək. Əgər Ermənistan bunu istəmirsə, sülh sazişini imzalamalıdır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıya bilər və beləliklə, problem aradan qalxmış olar. Amma 30 il ərazilərimizi işğal altında saxlamış ermənilər hələ də bunu beyinlərindən çıxara bilmir. Sülhün alternativi də yoxdur. Sənədlər imzalanmasa, münaqişə olacaq. Əgər Ermənistan mayın 22-də və avqustun 31-də əldə olunmuş razılaşmalara əməl etmədisə, noyabr ayında sülhə nail olunacağına ümid azdır”.

Politoloq hesab edir ki, sərhədlərin 1919-1920-ci illərin xəritəsi əsasında delimitasiya və demarkasiya ediləcəyi barədə məlumat inandırıcı görünmür. Ancaq SSRİ dövrünün digər xəritələrini də tətbiq etmək mümkündür:

“1919-1920-ci illərin xəritəsində Zəngəzur Azərbaycanın tərkibindədir. Doğrudur, Zəngəzurla bağlı bizim öz baxışlarımız, mövqeyimiz var. Amma sərhədlərin Zəngəzur verilməmişdən əvvəlki xəritə ilə müəyyənləşməsi inandırcı görünmür. Sovet dövrün xəritələrinin tətbiqi də məqbuldur. Çünki həmin dövrdə Qazaxın işğal altındakı yeddi kəndi, Sədərək rayonunun Kərki kəndi, eləcə də digər ərazilər Azərbaycanın tabeliyində olub. Həmin kəndlərin qaytarılması bu gün daha aktualdır. Paşinyan xəritə əsasında delimitasiyanın həyata keçirilməsindən də qaçır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın iddia etdiyi sərhədlərin 1991-ci il 18 noyabr tarixli MDB Ölkələrinin Müstəqilliyinin və Suverenliyinin tanınması haqqında sənədlə müəyyənləşməsi təklifi qəbul edilə bilməz:

“Əgər Ermənistan həmin sənədlə Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, o zaman nə üçün bizim torpaqlarımızı 30 il işğalda saxlayıb? Deməli, sərhədləri pozub. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, ordusu Qarabağda, Ağdamda nə gəzirdi? Deməli, sərhədi birinci Ermənistan pozub”.

Qeyd edək ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətiməkdən yayınır. Çünki rəsmi İrəvan Azərbaycanın Ermənistanı, o cümlədən eks-prezidentləri Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı hərbi cinayət törətməkdə ittiham edəcəyindən ehtiyatlanır.

Elxan Şahinoğlu bildirib ki, Ermənistan belə cinayətləri ört-basdır etmək üçün Azərbaycan Ordusu haqqında saxta şantaj videoları yayır:

“Xocalı soyqırımından başqa, Kəlbəcər azad olunanda kütləvi məzarlıqlar aşkar olundu. Sadəcə olaraq, bu qətliamları dünyaya çatdırmaq üçün daha fəal olmalıyıq. Dörd min nəfərə yaxın azərbaycanlı əsir və girovu işgəncə ilə öldürüblər. Kəlbəcəri işğal edəndə kəndlərdə qətliamlar törədiblər. Ona görə də biz bu cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün aktiv diplomatiyadan istifadə etməliyik”.

Müşfiq Abdulla
Cebhe.info