Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı olub - FOTOLAR

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı olub - FOTOLAR

Bu gün Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin Komitə sədrləri, deputatlar, Baş prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər iştirak edib.

Öncə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb.
Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Daha sonra yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.

Ulu Öndərin xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra açılış nitqi ilə Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror Kamran Əliyev istifadəyə verilmiş akt zalında təşkil edilən ilk tədbirin, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edildiyini qeyd edib.

Baş prokuror bildirib ki, ölkə başçısının 2025-ci il üçün “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçiliyimizin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub.

Baş prokuror, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, istifadəyə verilən yeni korpusun müasir şəraitinin Bakı şəhər prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Yeni inzibati binanın açılışı münasibətilə Baş prokuror, dövlət başçısına prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğının nəticəsində bu cür müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bakı şəhər prokuroru Elşən Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıblar.

Bakı şəhər prokuroru Elşən Abbasov isə çıxışında Ulu Öndərin hüquqi dövlət quruculuğundakı rolunu qeyd edib. O, Heydər Əliyevin Azərbaycanı hüquqi, demokratik və müstəqil dövlətə çevirmək üçün atdığı addımların əhəmiyyətini vurğulayıb.

Daha sonra “Xalqın Adamı” adlı sənədli film nümayiş olunub.

Sonda xatirə şəkli çəkilib.

"Cebheinfo.az"