Media maqnatı gey olduğunu açıqladı

Amerikalı iş adamı və media sənayesinin öncül simalarından biri olan 83 yaşlı Berri Diller ictimaiyyətə etdiyi açıqlamada homoseksual olduğunu etiraf edib.
"Cebheinfo.az" xəbər verir ki, o, "New-York Magazine" jurnalında dərc olunan şəxsi məqaləsində keçmişdə bir çox kişi ilə münasibətdə olduğunu bildirib.
Diller, "Həyatımda çoxlu yaxşı kişilər olub. Amma yalnız bir qadın vardı, Diane von Furstenberq", - deyə qeyd edib. O, moda dizayneri Furstenberqlə münasibətini "kosmik bir bağ" adlandırıb.
2001-ci ildə Furstenberqlə evlənən Diller, illər ərzində münasibətlərində enişli-yoxuşlu dövrlər yaşadıqlarını, lakin daim bir-birlərinə sadiq qaldıqlarını vurğulayıb.
O, uzun müddət cinsi yönümünü gizlətmək məcburiyyətində qaldığını, bunun da əsas səbəbinin cəmiyyətin mümkün reaksiyalarından qorxması olduğunu bildirib.
Dillerin bu açıqlaması iş dünyasında və ictimaiyyətdə geniş rezonans doğurub. Xüsusilə ictimai həyatda nüfuzlu bir fiqur olan Dillerin açıq şəkildə cinsi yönümünü bəyan etməsi LGBTQ+ hüquqları baxımından da diqqətçəkici bir hadisə kimi qiymətləndirilib.
Berri Diller hazırda media nəhəngi olan IAC şirkətinin rəhbəri kimi tanınır. O, eyni zamanda Fox Broadcasting Company-nin qurulmasında mühüm rol oynamış, Expedia, Vimeo və Tinder kimi platformalara etdiyi yatırımlarla da ad çıxarmışdır.
Əfsanə Rəcəb
"Cebheinfo.az"