"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər”

"3+3" fotmatı: “Ermənistanı sülh müqaviləsi imzalamağa sövq edə bilər”

“Cənubi Qafqazda "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti "Minsk qrupu"na çevrilməməlidir”. 

Bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: 

Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. 

Bu formatın uğurlu olması üçün iştirakçı dövlətlər siyasi iradə nümayiş etdirməlidirlər. 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi strateji bəyanat Azərbaycanın regional siyasətdəki vizyonunu və qətiyyətli mövqeyini növbəti dəfə nümayiş etdirir: 

"Bakı bərabərhüquqlu tərəfdaşlıq modelini irəli sürməklə, regionun taleyinin kənar güclər tərəfindən deyil, məhz region dövlətləri tərəfindən müəyyənləşdirilməsinin vacibliyini ortaya qoyur. 

"3+3" formatının uğurlu regional platformaya çevrilməsi üçün iştirakçı dövlətlərdən tələb olunan əsas siyasi iradə regional mənsubiyyət prinsipini rəhbər tutmaq, suverenliyə, ərazi bütövlüyünə hörmət etmək və geosiyasi rəqabəti Cənubi Qafqaza daşımamaqdır. 

Dövlətlər regionda kənar qüvvələrin ayırıcı xətlər yaratmaq cəhdlərinin qarşısını almalı, iqtisadi və nəqliyyat layihələrinə birtərəfli maraqlar prizmasından deyil, kollektiv rifah kontekstində yanaşmalıdırlar". 

Politoloq vurğulayıb ki, Azərbaycan özünün qalib və qurucu dövlət statusu ilə bu formatın həm ideya müəllifi, həm də əsas hərəkətverici qüvvəsidir: 

"Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdür və regionda sülhün qarantı rolunda çıxış edir. Ölkəmizin formalaşdırdığı reallıqlar çərçivəsində "3+3" mexanizmi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına birbaşa və praktiki töhfələr verə bilər. 

İlk növbədə, bu platforma Ermənistanın revanşist xəyallardan əl çəkməsi və regionun yeni geosiyasi konfiqurasiyasına uyğunlaşması üçün effektiv bir çərçivədir. Təbii ki, rəsmi Bakının iradəsi ilə reallaşan Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyətli kommunikasiya layihələrinin açılması bu format çərçivəsində daha sürətlə masaya yatırıla bilər. 

Digər regional nəhənglərin – Türkiyə, Rusiya və İranın da iştirak etdiyi bu mexanizmdə İrəvanın manipulyasiya və qeyri-konstruktiv addımlar atmaq imkanları minimuma enir. Beləliklə, Azərbaycanın diqtə etdiyi və regionun tam sabitliyini hədəfləyən bu format Ermənistanı sülh müqaviləsini imzalamağa və regional inteqrasiya prosesinə qoşulmağa sövq edən güclü stimula çevrilir". 

Qeyd edək ki, Cənubi Qafqazda "3+3" formatı 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülüb. Formatın əsas məqsədi Cənubi Qafqazda (Azərbaycan, Ermənistan, Gürcüstan) və onun qonşu ölkələrində (Rusiya, Türkiyə, İran) sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın təmin edilməsidir.                        

Əfsanə Rəcəb 
"Cebheinfo.az"