Hindistan ABŞ ilə təcili ticarət sövdələşməsindən imtina etdi
Nyu-Delhi Vaşinqtonun ticarət sazişinin təcili bağlanması təklifini rədd edib. Qlobal bazarda mövqeyini getdikcə möhkəmləndirən Hindistan hökuməti daha əlverişli şərtlərin yaranmasını gözləmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Nyu-Delhidə baş tutan son görüşlərdə ölkələr arasında müvəqqəti iqtisadi paktın təsdiqlənməsi mümkün olmayıb. Birləşmiş Ştatların müvafiq zəmanətlər təqdim etməməsi səbəbindən Hindistan tərəfi sənədi imzalamaqdan boyun qaçırıb.
Rəsmi Delhi Çinə nisbətdə daha yaxşı tarif imtiyazlarının verilməsini və gələcəkdə tətbiq olunacaq yeni ABŞ gömrük rüsumlarından qorunma mexanizmlərini tələb edirdi.
"Bizim mövqeyimiz bəllidir - əlverişsiz şərtlərlə razılaşmaya tələsməyəcəyik və aqrar sektorda ərazi imtiyazları kimi qırmızı xətlərimizi keçməyəcəyik", - deyə hökumətdəki mənbə qeyd edib.
Bildirilir ki, Donald Tramp Administrasiyasının bəzi ölkələr üçün 12.5 faizədək yeni gömrük rüsumları hazırlaması fonunda Vaşinqton qarşı tərəfdən güzəştlər gözləyirdi. ABŞ Delhini ifrat sənaye potensialında və məcburi əməyin tətbiqinə lazımi nəzarətin olmamasında təqsirləndirir. ABŞ nümayəndələri düşünür ki, imtiyazlar mütləq qarşılıqlı addımlar atılmaqla əldə edilməlidir.
Ağ Evin sözçüsü Kuş Desai deyib: "Tramp hökuməti ABŞ-ni və amerikalıları ön plana çıxaran tarixi ticarət sövdələşməsini başa çatdırmaq məqsədilə Hindistan rəsmiləri ilə səmərəli işbirliyini davam etdirməkdədir".
Belə ki, ABŞ rəsmiləri Delhi ilə danışıqlar prosesini yavaş və həddindən artıq bürokratikləşmiş adlandırırlar.
"Cebheinfo.az"

