Azərbaycanın əsas üstünlüyü: Balanslı siyasət
“Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”.
Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun:
“Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cümlədən bizi narahat edən məsələlər qaldırılıb. Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı olan həmin bu mühiti biz çalışırıq, həmçinin bir çox beynəlxalq məhz iştirakçılar arasında da yaratmağa çalışırıq".
Mövcud geosiyasi qarşıdurmalar fonunda Azərbaycanın çoxşaxəli xarici siyasət kursunu davam etdirməsi gələcəkdə hansı imkanlar yarada bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycan həm region, həm də qlobal güclərlə münasibətlərini uğurla davam etdirir. Onun sözlərinə görə, balanslı xarici siyasət Azərbaycanın əsas üstünlüklərindən biridir:

“Azərbaycanın balanslı xarici siyasəti, şübhəsiz ki, öz nəticələrini verir. Bu gün Azərbaycan həm regionun əsas dövlətləri ilə normal münasibətlərə malikdir, eyni zamanda beynəlxalq güclərlə də kifayət qədər yaxşı əlaqələr qurub.
Həm ABŞ, həm Çin, eləcə də bölgənin əsas ölkələri olan Türkiyə, Rusiya və İranla münasibətlər normaldır. Doğrudur, İran və Rusiya ilə zaman-zaman müəyyən sıxıntılar yaşansa da, bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır".
Oqtay Qasımov qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş imici gələcəkdə də güclənəcək:
"Bu siyasət indiyədək öz nəticələrini verib və hesab edirəm ki, bundan sonrakı dövrdə də davam etdiriləcək. Azərbaycan etibarlı tərəfdaş kimi tərəfdaş ölkələrlə normal münasibətlərini inkişaf etdirməyi davam etdirəcək. Bu baxımdan, düşünürəm ki, həyata keçirilən xarici siyasət gələcəkdə də öz müsbət nəticələrini verəcək".
Əfsanə Rəcəb
"Cebheinfo.az"

