Azərbaycanda ən çox rast gəlinən psixi pozuntular hansılardır?
Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Məsələ Milli Məclisin iyunun 17-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Psixiatriya yardımı haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, psixi sağlamlıqla bağlı məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması və həmin məlumatların bu sistem vasitəsilə əldə edilməsi, müalicədən imtina ilə bağlı məlumatların da elektron sağlamlıq kartına daxil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, psixi pozuntu vəziyyətində olan şəxsin özünün və ya digər şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı yeni hüquqi mexanizmlər yaradılır.
Həmçinin belə şəxslərin məhkəmə qərarınadək qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi barədə qərar qəbul edildikdə onların yaxın qohumlarının, qanuni nümayəndələrinin, prokurorun və aidiyyəti vəzifəli şəxsin dərhal məlumatlandırılması təklif olunur.
Layihə ilə həmçinin tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya ətrafdakılara təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicə olunması və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirləri ilə bağlı yeni müddəaların qanuna əlavə edilməsi nəzərdə tutulur.
Maraqlıdır, Azərbaycanda ən çox rast gəlinən psixi sağlamlıq problemləri hansılardır?
Psixiatr Azər Bağırov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda əhalinin psixi sağlamlığını qiymətləndirmək asan deyil:
“Bu, yalnız elmi tədqiqatın nəticəsində mümkün ola bilər. Psixi pozuntular ətraf mühit faktorlarından çox təsirlənir. Yəni ətrafda mütləq hansısa mənfi təsir olur ki, psixi pozuntu yaranır. Amma bəzi xəstəliklər var ki, onlar heç bir ətraf mühit faktoru ilə əlaqədar deyil.
Məsələn, bipolyar pozuntu (əhval-ruhiyyənin kəskin dəyişməsi), şizofreniya, şizoaffektiv və digər psixotik pozuntular. Bunlar birbaşa genetik keçən xəstəliklərdir və cəmiyyətdəki heç bir problemdən təsirlənmirlər.
Amma Azərbaycan cəmiyyətinin psixologiyasına nəzər yetirdikdə, ən çox diqqət yetirməli olduğumuz məsələ insanlardakı xarakter patologiyasıdır. Bu, birbaşa cəmiyyətdən qaynaqlanır.
Yəni cəmiyyət daha qatı və qaydaçı olduqda, məsələn, Almaniya və Yaponiya kimi ölkələrdə antisosial xüsusiyyətlər özünə yer tapa bilmir. İnsanlar qayda-qanuna riayət etməyə təşviq edilir və bu da cəmiyyətin ümumi xüsusiyyətinə çevrilir.
Amma qayda-qanunların təşviq olunmadığı cəmiyyətlərdə insanlar bütün qayda-qanunların sanki pozulmaq üçün yazıldığını düşünür və çox vaxt onlara riayət etmirlər. Həmin insanlar qayda pozuntusunun hansı fəsadlara yol açacağını görə bilmirlər.
Qısacası, öngörüləri zəif olur. Belə cəmiyyətlərdə haqsızlıq və ədalətsizlik artır. Cəzalanmaya inam olmadığı üçün insanlarda sanki əzilən yox, əzən tərəfdə olmaq istəyi yaranır.
Azərbaycan cəmiyyətində də müəyyən qədər bu halları müşahidə etmək mümkündür. Çünki insanlarda belə bir düşüncə formalaşmayıb ki, qayda-qanunlara riayət etmək həm özləri, həm də ailələri üçün vacibdir.
İnsanlar belə düşünürlər ki, əgər onları görən və cəzalandıran yoxdursa, qayda-qanunlara riayət etməsələr də olar. Amma qorxu varsa, riayət edirlər. Yəni burada qaydalara vicdani səbəbdən yox, qorxu səbəbindən riayət etmək ön plandadır.
Psixoloji narahatlıqlarda da bunun nəticəsini görürük. Mənə edilən müraciətlərin böyük hissəsində əsas problem əsəbilik olur.
Xüsusilə avtomobil idarə edərkən baş verən qayda pozuntularına həddindən artıq reaksiya vermək, əsəblə maşından enmək, mübahisə etmək və s. kimi hallarla bağlı şikayətlər olur. Artıq bundan bezən insanlar müraciət edərək hər şeyə bu qədər qıcıqlanmaq istəmədiklərini bildirirlər.
Digər tərəfdən isə müraciət edənlər ədalətsizliyə məruz qaldıqlarını düşünürlər. Bunun nəticəsində həm əsəbi olurlar, həm də ədalətin bərpa olunmadığını düşündükləri üçün depressiyaya düşürlər.
Digər müraciət edən insanlar qorxu və təşvişlə bağlı şikayətlərlə gəlirlər. Onlar cəmiyyətdə özlərini güvəndə hiss etmədiklərini, insanlar tərəfindən zərər görməkdən qorxduqlarını bildirirlər.
Təşviş pozuntusu ilə bağlı müraciətlərdə isə əsasən sağlamlıqla bağlı təşvişlər üstünlük təşkil edir. Bu şəxslər adətən səhhətləri ilə bağlı davamlı narahat olurlar. Bu, ipoxondrik nevroz xəstəliyidir.
Depressiya ilə bağlı xəstəliklər də çoxdur. Məsələn, həyatda uğur qazanmaqla bağlı xəyalları gerçəkləşməyən, ayrılıq yaşayan, yaxınlarını itirən insanlarda depressiyaya düşmə hallarını çox sıx görürük. Bunlar reaktiv depressiyalar adlanır.
Xroniki depressiya da var ki, şəxs həyatında heç nə baş vermədən qəfil depressiyaya düşür”.
Onun sözlərinə görə, şizofreniya xəstəliyinin nisbəti isə uzun illər dəyişmir:
“Orta hesabla cəmiyyətin 1 faizində şizofreniya müşahidə olunur və bu göstərici cəmiyyətlər arasında da fərqlənmir. Bipolyar pozuntunun yayılma nisbəti də eyni qaydada 2–2,5 faizdir və illər ərzində dəyişmir.
Digər geniş yayılan xəstəliklərdən biri də “vasvasılıq” xəstəliyidir. Bu xəstəlik xüsusilə pandemiya dövründə artdı. Çünki həmin dövrdə insanların takıntıları daha da gücləndi və sonradan da davam etdi. Bu zaman həm terapiya, həm də dərman müalicəsi tam sağalma effekti verir.
Psixi sağlamlıq elə bir anlayışdır ki, insanın şəxsi komfortuna xidmət edir. İnsanlar başqalarının onları necə dəyərləndirməsinə görə yox, öz həyat keyfiyyətlərini artırmaq üçün həkimə müraciət etməlidirlər.
Anksiyete insanların həyat keyfiyyətini aşağı salır və onların öz potensiallarını üzə çıxarmalarına mane olur. Məsələn, sosial mühitdə çəkingən olan insanlar tək qalmağa meyilli olurlar, yeni dostlar qazanmaqda çətinlik çəkirlər, ünsiyyətdən, xüsusilə də qarşı cinslə ünsiyyətdən qaçırlar.
Bu da onların tək qalmasına və özlərinə həyat yoldaşı tapa bilməmələrinə səbəb olur. Bunlardan əziyyət çəkən bir çox insan müalicə almaq üçün müraciət edir və sağaldıqdan sonra “Nə yaxşı ki, müraciət etdik” deyirlər.
Bundan başqa, aqorafobiya xəstəliyi də var. Belə insanlar uzaq məsafələrə getməkdən qorxurlar və bu zaman panik atak keçirirlər. Bununla bağlı müraciətlər də kifayət qədər çox olur”.
O bildirib ki, belə xəstəliklərdən əziyyət çəkən insanlar həyat keyfiyyətlərini yaxşılaşdırmaq, çətinliklərini aradan qaldırmaq və həyatı dolğun şəkildə yaşamaq məqsədilə psixiatra müraciət edirlər.
Aişə Abdulova
“Cebheinfo.az”

