Kılıçdaroğlunu qəbul etməyən Dəmirtaş onunla GÖRÜŞDÜ

Kılıçdaroğlunu qəbul etməyən Dəmirtaş onunla GÖRÜŞDÜ

Məhkəmənin "mütləq etibarsızlıq" qərarı ilə Cümhuriyyət Xalq Partiyasının başqanı vəzifəsinə qayıdan Kamal Kılıçdaroğlunu qəbul etməyən HDP-nin keçmiş həmsədri Səlahattin Dəmirtaş Saadet Partiyasının sədri Mahmut Arıkanla Edirnə həbsxanasında görüşüb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bundan əvvəl məhkəmənin "mütləq etibarsızlıq" qərarından sonra CHP sədri vəzifəsinə qayıdan Kemal Kılıçdaroğlunun Selahattin Dəmirtaşı həbsxanada ziyarət edəcəyi açıqlanmışdı. Lakin Dəmirtaş Kılıçdaroğlunu qəbul etməmişdi. Bundan 20 gün sonra Saadet Partiyasının sədri Mahmut Arıkan Edirnə həbsxanasında Dəmirtaşla görüş keçirib.

Arıkan görüşdən sonra yazılı açıqlama verib. Bildirib ki, Dəmirtaşla görüşdə Türkiyənin üzləşdiyi əsas siyasi və hüquqi problemləri müzakirə ediblər.

"Ölkəmizin sürüklənmək istəndiyi qütbləşmə və qarşıdurma mühitinə qarşı dialoq platformasının hər bir şərait və fürsətdə qorunub saxlanılmasının və genişləndirilməsinin vacibliyi, eləcə də ədalətsizliklərə son qoyacaq genişmiqyaslı uzlaşma axtarışının həyati əhəmiyyət daşıdığı ilə bağlı ortaq mövqedə olduğumuzu məmnunluqla müşahidə etdik. Bu ölkəni və gələcəyimizi düşünən siyasətçilər olaraq, ədaləti, mənəvi dəyərləri və dialoqu əsas götürən ortaq məxrəcimizi sürətlə genişləndirməliyik.

Türkiyə artıq gündəlik nəticəsiz çəkişmələrdən, gərginlik və qarşıdurma dilindən yorulub. Bu gün cəsarətli, prinsipial və həll yönümlü yanaşmalara hər zamankından daha çox ehtiyac var. Cənab Dəmirtaş ölkə siyasəti baxımından mühüm siyasi fiqur və şəxsiyyətdir. İnanırıq ki, o, demokratik və qanuni siyasət çərçivəsində cəmiyyətimizdə uzlaşma, həmrəylik və qardaşlıq səylərinə çox mühüm töhfə verə bilər.

Fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, məhkəmələrin qüvvəyə minmiş yekun hökmü olmadan illərlə davam edən həbslər təkcə ədalətə olan inamı zəiflətmir, həm də siyasi institutlara etimadı sarsıdır. Sonda qeyd etmək istərdim ki, cənab Dəmirtaşla həyata keçirdiyimiz bu humanitar və siyasi təmaslar, qarşılıqlı fikir mübadilələrimiz bundan sonrakı dövrdə də davam edəcək", – deyə Arıkan qeyd edib.

Gülər

"Cebheinfo.az"