Dövlət Departamenti TRIPP marşrutu ilə bağlı suallara belə cavab verdi
“Bütün sərhəd təhlükəsizliyi və gömrük nəzarəti funksiyaları Ermənistanın nəzarəti altında qalacaq”.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Dövlət Departamenti bunu “Azadlıq” Radiosunun TRIPP marşrutu üzrə Avrasiya İqtisadi Birliyinin qaydaları ilə bağlı sorğusuna cavab olaraq bildirib.
“Bu yaxınlarda Ermənistan xarici işlər nazirinin müavini bildirib ki, Azərbaycanın qalan ərazilərini Zəngəzur bölgəsi vasitəsilə Naxçıvanla birləşdirəcək TRIPP AİB tranzit qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.
ABŞ TRIPP iştirakçısı olaraq AİB-in tənzimləyici çərçivəsi daxilində fəaliyyət göstərən tranzit marşrutuna razılıq veribmi? TRIPP çərçivəsində gömrük tranzit prosedurlarının AİB qaydaları ilə tənzimlənəcək?
Əgər belədirsə, Ermənistanla ABŞ arasında bu məsələ ilə bağlı artıq qarşılıqlı anlaşma və ya razılaşma varmı?",-deyə Dövlət Departamentinə ünvanlanan sorğuda deyilir.
Dövlət Departamenti çox qısa cavab verib: "TRIPP Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur. Bütün sərhəd təhlükəsizliyi və gömrük nəzarəti funksiyaları Ermənistanın nəzarəti altında qalacaq; Ermənistan hakimiyyəti nəzarəti həyata keçirəcək və əsas qərarlar qəbul edəcək".
Xatırladaq ki, daha əvvəl xarici işlər naziri Ararat Mirzoyan marşrut boyunca hərəkət edənlər üçün üzbəüz xidmətin, yəni birbaşa qarşılıqlı əlaqənin üçüncü ölkə operatoruna da həvalə edilə biləcəyini inkar etməmişdi. Məlumata görə, onlar yoxlama üçün sənədləri toplayacaq və tranzit haqlarını yığacaqlar.
Dövlət Departamenti "Azadlıq" radiosunun ABŞ-nin mövcud tənzimləyici çərçivədə hər hansı bir dəyişiklik planlaşdırıb-planlaşdırmadığı və ya TRIPP üçün ayrıca tranzit qaydalarının tətbiqi ilə bağlı başqa bir sualına cavab verməyib.
Vaşinqtonun bunu Ermənistan və Azərbaycan hakimiyyəti ilə müzakirə edib-etmədiyi soruşulduqda, Dövlət Departamentinin sözçüsü sadəcə Vaşinqtonun Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq sənədində göstərilən prioritet sahələr, o cümlədən regional əlaqə, iqtisadi investisiya, enerji, təhlükəsizlik əməkdaşlığı və süni intellekt üzərində işləməyə davam etdiyini bildirib.
Vaşinqton, həmçinin ABŞ-nin bu günə qədər TRIPP layihəsinə ayırdığı maliyyələşdirmənin məbləğini açıqlamaqdan imtina edib. Nümayəndə bildirib ki, hazırda əlavə məlumat verə bilməz.
Xəzər
“Cebheinfo.az”

