Azərbaycan və Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tərəflər informasiya və media sahələrində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hər iki ölkədə media forumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının forumlarının keçirilməsi qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verir. Həmçinin Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları üçün birgə qrant layihələrinin həyata keçirilməsi məmnunluqla vurğulanıb.

Görüşdə birgə media kontentinin hazırlanması və mübadiləsi, Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin blogerlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə edilib. Bununla yanaşı, ortaq tariximizin, mədəniyyətimizin, ənənələrimizin və mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Özbəkistan nümayəndə heyəti IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaqlar Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə birbaşa dialoq qurmasını və media nümayəndələrinin çoxsaylı suallarını açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər. Onlar, həmçinin dövlətimizin başçısının Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına dair səsləndirdiyi mühüm mesajları yüksək dəyərləndiriblər.

"Cebheinfo.az"