Elman Nəsirov: “Avropa bazarı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Məhz bu əsasda yüksək səviyyəli üçtərəfli, dördtərəfli, beştərəfli və bütövlükdə çoxtərəfli əməkdaşlıq platformaları da formalaşır”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır" fikrini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, bu siyasətin əsas elementlərindən biri ölkənin müxtəlif geosiyasi güc mərkəzləri arasında balanslı və bərabər məsafəli siyasət yürütməsidir:
"Konkret faktlarla desək, Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Ağ Ev əleyhinə deyil. Eyni zamanda, Vaşinqtonla əlaqələrimizin inkişafı heç bir halda Kremli hədəf almayıb.
Azərbaycanın İranla əməkdaşlığı İsrailə və ABŞ-yə qarşı yönəlmədiyi kimi, İsraillə münasibətlərinin inkişafı da heç bir halda Tehrana qarşı yönəlməyib. Bu siyasət ilk növbədə müstəqil, milli maraqlara söykənən və balanslaşdırılmış xarici siyasətdir".
O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin sayəsində Azərbaycan bu gün regionun nəqliyyat və enerji dəhlizlərinin inkişafına da böyük təsir göstərir:
"Bu gün Azərbaycan Orta Dəhliz üzərində strateji əhəmiyyətə malik dövlətdir. Eyni zamanda Zəngəzur dəhlizi və TRIPP layihəsinin işə düşməsi ilə bu istiqamət daha da güclənəcək.
Azərbaycanın Gürcüstan və Türkiyə ilə ikitərəfli münasibətlərini inkişaf etdirməsi nəticəsində bu gün Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu xətti uğurla fəaliyyət göstərir və inkişaf etməkdədir".
O qeyd edib ki, Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı, xüsusilə də 10 Avropa dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması ölkəmizin enerji sahəsində mövqeyini daha da gücləndirib:
"Bu gün Avropa bazarı Azərbaycan üçün ən prestijli bazarlardan biridir. Azərbaycan bu ildən etibarən Almaniya və Avstriyaya da qaz nəqlini həyata keçirməyə başlayıb. Avropa bazarı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir".
O vurğulayıb ki, digər ölkələr ilə də əlaqələrimiz inkişaf edir:
"Buna Suriyanı misal göstərmək olar. Biz Suriyaya da qaz nəqlini həyata keçiririk. Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bu məsələyə bir daha diqqət çəkdi. Qeyd etdi ki, biz bu istiqamətdə də şaxələndirmə siyasətini həyata keçiririk".
Elman Nəsirov əlavə edib ki, Azərbaycan həm də “yaşıl enerji” sahəsində çox mühüm enerji mərkəzlərindən birinə çevrilməkdədir:
"2032-ci ilə qədər 8 giqavatlıq “yaşıl enerji”istehsal etməyi planlaşdırırıq. Bunun sayəsində əlavə olaraq 2–3 milyard kubmetr qaza qənaət etmiş oluruq ki, bu da bizim üçün indiki şəraitdə strateji məna və əhəmiyyət kəsb edir".
Deputat onu da əlavə edib ki, hazırda həm ənənəvi, həm də “yaşıl enerji” ilə bağlı nəqliyyat dəhlizlərinin işə salınması istiqamətində çox ciddi iş gedir:
"Bu baxımdan Xəzər dənizi Qara dənizlə birləşir. Azərbaycanın “yaşıl enerji”si Gürcüstan üzərindən, Qara dənizdən keçməklə Rumıniya və Macarıstana, yəni Qara dəniz hövzəsi ölkələrinə çatdırılacaq ki, bu da olduqca vacibdir., Cənab Prezidentin bugünkü Media Forumunda da vurğuladığı kimi, Azərbaycan regionun nəqliyyat və enerji dəhlizlərinin inkişafına çox ciddi təsir göstərən bir dövlətə çevrilib".
Əfsanə Rəcəb
"Cebheinfo.az"

