Separatizmə son qoyulmasında Azərbaycan nümunəsi
Bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
İki gün davam edəcək tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də forumda iştirak edib və tədbirin keçirilməsinin məqsədindən danışıb.
Dövlət başçısının sözlərinə görə, toplantının keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri ilə qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarətdir.
Prezident qeyd edib ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər.
Forumun əhəmiyyəti, o cümlədən Qarabağla bağlı reallıqların media nümayəndələrinin diqqətinə çatdırılmasın ziyalılar, ictimaiyyət nümayəndələri tərəfindən də müsbət qiymətləndirilir.
Millət vəkili Arzuxan Əlizadə "Cebheinfo.az"-a bildirib ki, Şuşada təşkil olunan Media Forum ənənəvi olaraq artıq dördüncü ildir ki, keçirilir:
"Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Şuşada, Xankəndidə, eləcə də həmin bölgədə yerləşən digər şəhərlərimizdə ardıcıl olaraq müxtəlif beynəlxalq tədbirlər keçirilir.
Keçirilən tədbirlərə müxtəlif ölkələrdən müvafiq qonaqlar gəlirlər. Xüsusilə də media nümayəndələrinin bu prosesdə iştirakı olduqca əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından media nümayəndələrinin bu səfərlərdə iştirak etməsi bütövlükdə ölkəmizin dünya miqyasında ictimailəşməsində mühüm rol oynayır. Bu baxımdan həmin forumun Şuşada keçirilməsi olduqca böyük əhəmiyyətə malikdir.
Çünki burada müxtəlif media nümayəndələrinin iştirakı və orada müzakirə olunan məsələlər ictimailəşir və həmin KİV nümayəndələri həm müzakirə olunan mövzularla, həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə gördüyü işlərlə, gələcək perspektivdə nəzərdə tutulan layihələrlə, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması, regionda yeni reallıqların formalaşması, yeni kommunikasiya qovşaqlarının gələcəkdə açılması, bütövlükdə dövlətimizin bu istiqamətdə görəcəyi işlərlə bağlı reallıqda baş verən hadisələri öz auditoriyalarına çatdırma imkanı əldə edirlər.
Xüsusilə də biz işğaldan azad edilmə prosesində separatçılığa və işğalçılığa, terrorçuluğa son qoyulmasının Azərbaycan nümunəsini ortaya qoymuşuq. Eyni zamanda qısa müddət ərazində həmin bölgədə görülən işlərlə bağlı Azərbaycan nümunəsi ortadadır.
Həmçinin də reallıqların dəyişməsi, yeni kommunikasiya qovşaqlarının açılması üçün nəzərdə tutulan işlərin görülməsi ilə bağlı Azərbaycan gündəmdədir ki, onların da beynəxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün bu cür Media Forumların keçirilməsinin olduqca böyük əhəmiyyəti var".
Nigar Abdullayeva
"Cebheinfo.az"

