Günəşdə güclü partlayışlar ola bilər
13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"13 və 14 iyul tarixlərində Günəşdə partlayış aktivliyi ümumilikdə aşağıdır, M sinfindən partlayışların olması mümkündür", - deyə məlumatda bildirilib.
Bundan əlavə, iyulun 12-də Günəşdə güclü M1.1 partlayışı qeydə alınıb.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
"Cebheinfo.az"

