Ramil Hüseynov: ""Dünya siyasətinin şah damarı" geosiyasi rəqabət və güc balansıdır"

Ramil Hüseynov: ""Dünya siyasətinin şah damarı" geosiyasi rəqabət və güc balansıdır"

""Dünya siyasətinin şah damarı" bugünkü reallıqda milli maraqlar uğrunda geosiyasi rəqabət və güc balansıdır. Bu gün bəşəriyyətin tərkibinə daxil olan ölkələr, ittifaqlar silahlanma, bir-birinə qarşı çəkindirmə, yəni hərbi balans yaratmaqla təhlükəsizliyini düşünür. Geosiyasi gücə üstünlük verir, dövlətlər hərbi, iqtisadi və diplomatik imkanlarını gücləndirmək uğrunda çalışır. Enerji resursları uğrunda rəqabət, ticarət və nəqliyyat dəhlizlərini, beynəlxalq nəqliyyat marşrutlarını nəzarətdə saxlamaq bu gün üçün ən aktual və siyasi prioritet məsələlərdir".

"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

R.Hüseynov əlavə edib ki, ölkələr üçün əsas hərəkətverici qüvvə məhz bu siyasi amillərdir:

"Bu üstünlüklər uğrunda mübarizə aparmaq, eyni zamanda milli maraqları təmin etmək heç də asan deyil, çox çətin, bəzən də müşkül məsələ olur. Çünki maraqlar toqquşur, güc balansları düzgün tənzimlənmədən uzlaşma əldə etmək olmur və burada artıq diplomatik və hərbi qarşıdurmalar labüd olur. Biz artıq illərdir bunun şahidi oluruq. Əslində isə bu gün dünyanın inklüziv iqtisadi artıma ehtiyacı var ki, iqtisadi inkişaf bütün ölkələr və cəmiyyət üçün faydalı olsun. Lakin qlobal şah damarı uğrunda mübarizə hələ ki, bu imkanlardan yararlanmağın qarşısını alır.

7–8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitində yadda qalan məqamlar çox oldu. Fransa Prezidenti Emmanuel Makronun şortiklə qaçması ilə bağlı müzakirələrdən tutmuş, F-35 məsələsinə, Donald Trampın İranı yenidən hədələməsinə və sammit davam etdiyi vaxt İrana növbəti zərbələrin endirilməsinə qədər bütün bunlar onu göstərir ki, dünya siyasətinin damarındakı tutulma və tıxanmaları stendlə deyil, açıq əməliyyatla təmizləyəcəklər. Sammitdə hiss olundu ki, münaqişələrin dərhal bitməsinə maraq yüksək deyil. Baxmayaraq ki, sammitin ümumi və uzunmüddətli məqsədi beynəlxalq təhlükəsizliyi gücləndirmək, münaqişələrin daha tez başa çatması üçün səylərini əsirgəməməkdir".

R.Hüseynov əlavə edib ki, burada yalnız NATO-ya üzv ölkələrin və Avropanın təhlükəsizlik məsələləri birinci növbədə prioritet oldu. Ankarada keçirilən NATO sammitində daha çox hiss olunan məqam regiondakı böhranlara qarşı koordinasiyanın yeni metodlarından istifadə olunması məsələlərinin müzakirə mövzusu olması idi.

"Cebheinfo.az"