Qarabağa hər səfər: Böyük Qayıdışın yeni mərhələsi
"Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri bir daha göstərdi ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesi artıq layihələr mərhələsini geridə qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyub”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısının Füzuli, Şuşa, Xankəndi, Xocalı, Cəbrayıl və digər azad edilmiş ərazilərə mütəmadi səfərləri yalnız tikinti və açılış mərasimlərində iştirak məqsədi daşımır:
“Bu səfərlər dövlət siyasətinin ardıcıllığını, “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğunu və Qarabağın Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına sürətlə inteqrasiya olunduğunu nümayiş etdirir.
Son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələri – beynəlxalq hava limanları, avtomobil yolları, tunellər, elektrik yarımstansiyaları, su təchizatı sistemləri, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sənaye müəssisələri Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi misilsiz quruculuq proqramının tərkib hissəsidir.
Dünyada postmünaqişə dövründə bu qədər qısa müddətdə belə genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirilməsi nadir nümunələrdən hesab olunur. Prezident İlham Əliyevin Qarabağda sakinlərlə səmimi görüşləri, onların problemləri ilə maraqlanması, görülən işlərlə yerində tanış olması dövlət-vətəndaş münasibətlərinin praktik ifadəsidir.
Artıq doğma torpaqlarına qayıdan ailələrin sayı ildən-ilə artır, şəhər və kəndlər yenidən canlanır, həyat əvvəlki ritmini bərpa edir. Bu isə Böyük Qayıdış proqramının sadəcə konsepsiya deyil, real nəticələr verən dövlət strategiyası olduğunu təsdiqləyir.
Şuşa, Xankəndi və digər şəhərlərdə həyata keçirilən layihələr yalnız yaşayış infrastrukturunun qurulması ilə məhdudlaşmır. Tarixi və mədəni irsin bərpası, yeni təhsil və elm mərkəzlərinin yaradılması, turizm potensialının inkişafı Qarabağın gələcək inkişaf modelini formalaşdırır.
Bu siyasətin əsas məqsədi bölgəni müasir texnologiyalar, “yaşıl enerji” və dayanıqlı şəhərsalma prinsiplərinə əsaslanan inkişaf məkanına çevirməkdir.
Prezident İlham Əliyevin Qarabağa hər səfəri həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Azərbaycan azad etdiyi torpaqlarda dağıntıları bərpa edir, həyat qurur, insanlar üçün təhlükəsiz və firavan yaşayış şəraiti yaradır. Bu, ölkəmizin regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirən praktik siyasətdir.
Amma Azərbaycanın bu uğurlarını gözdən salmağa çalışan bəzi xarici dairələr və qərəzli qüvvələr görülən işlərə obyektiv qiymət vermək əvəzinə müxtəlif əsassız iddialar irəli sürməyə çalışırlar.
Halbuki Qarabağda həyata keçirilən layihələrin miqyası, doğma yurdlarına qayıdan insanların məmnunluğu və bölgədə formalaşan yeni həyat reallığı bu iddiaların əsassız olduğunu açıq şəkildə göstərir.
Reallıq ondan ibarətdir ki, Qarabağ bu gün quruculuq meydanına çevrilib və burada hər gün yeni inkişaf nümunələri yaranır. Prezident İlham Əliyevin Qarabağa səfərləri artıq Azərbaycanın müasir tarixinin ayrılmaz hissəsinə çevrilib.
Bu səfərlər dövlətin qətiyyətinin, xalqın birliyinin və gələcəyə hesablanmış strateji inkişaf siyasətinin rəmzidir. Hər yeni səfər yeni layihələrin, yeni yaşayış məntəqələrinin, yeni istehsal müəssisələrinin və ən əsası, doğma yurduna qayıdan insanların sevincinin göstəricisidir.
Qarabağ bu gün təkcə Azərbaycanın deyil, bütün regionun inkişaf və bərpa nümunəsinə çevrilməkdədir. Bu proses isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticələrindən biri kimi tarixə yazılır".
Nigar
"Cebheinfo.az"

