Şuşadan dünyaya qlobal MESAJ
"Şuşada keçirilən Qlobal Media Forumu ən mühüm mövzuları müzakirə edir, trendləri gündəmə gətirir"
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayıb və 2 gün davam edəcək olan tədbir "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub.
Tədbirdə 53 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Bundan başqa, forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Tədbir mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Forumda müzakirə olunacaq məsələlər medianın fəaliyyətində hansı amilləri təşviq edəcək və sülh quruculuğunda rolunu artıracaqmı?
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli "Cebheinfo.az"-a bildirib ki, əslində bir növ ənənəyə çevrilən, Şuşada keçirilən Qlobal Media Forumu bu gün dünya mediasında aktual olan ən mühüm mövzuları müzakirə edir, trendləri gündəmə gətirir:

"Yaranmış böhran şəraitindən çıxış yollarını axtarmaq üçün ciddi müzakirələr aparır. Bu baxımdan Şuşada keçirilən Qlobal Media Forumun mühüm əhəmiyyəti var. Builki mövzuda çox aktualdır. Yəni bu gün dünyada yaranmış, parça-parça olan planetin müxtəlif hissələrində gedən müharibələrə bir növ etiraz kimi "Beynəlxalq sülhün təşviqində medianın missiyası" mövzusunun gündəmə gətirilməsinin xüsusi əhəmiyyəti var.
Ona görə ki, bu dəqiqə ekranlarda, qəzet səhifələrində, saytlarda, hər yerdə bir müharibə havası var. Yanğınlar, partlayışlar, qarşıdurmalar, bütün bunların hamısı dünyanın bütün vicdanlı insanlarını narahat edir. Bu baxımdan belə bir mövzunun müzakirə olunmasını çox vacib və əhəmiyyətli hesab edirəm. Bu Forum sülhə nə dərəcədə töhfə verə bilər?
Medianın işi doğru, dəqiq məlumatları çatdırmaqdan ibarətdir. Əgər media bununla məşğuldursa, o birbaşa həm sülhü, həm gerçəkliyi təşviq edir, həm auditoriyanın etimadını qazanmağa çalışır.
Yox, əgər media özü də dezinformasiya, saxta xəbərlərlə, yalançı təbliğatla məşğuldursa, ölkənin maraqlarına xidmət etmək üçün onun piarını aparırsa, bu zaman o media sözün həqiqi mənasında dürüst media olmaq haqqını itirir.
Ona görə də bu məsələlərin müzakirə olunması, ortaya konkret layihələrin çıxarılması, media qurumları arasında əməkdaşlığın artırılması, medianın sülh, barış, insanların qarşılıqlı anlaşması, yer üzərində müharibəsiz, təhlükəsiz yaşaması üçün təşviq olunması çox aktualdır. Belə bir forumun da məhz Şuşada keçirilməsini çox əhəmiyyətli hesab edirəm".
Nigar Abdullayeva
"Cebheinfo.az"

