Yerli istehsal idxala niyə uduzur?

Yerli istehsal idxala niyə uduzur?

 Azərbaycanda yerli istehsalın inkişafı və idxaldan asılılığın azaldılması son illərdə iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. 

Bununla belə, bir çox yerli məhsul keyfiyyət, qiymət, istehsal həcmi və marketinq imkanları baxımından xaricdən gətirilən məhsullarla rəqabətdə çətinliklərlə üzləşir. 

Yerli istehsalın rəqabət qabiliyyətinin artırılması həm daxili bazarın möhkəmlənməsi, həm də qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bəs yerli istehsal məhsullarının rəqabətdə geri qalmasının əsas səbəbləri nələrdir? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda yerli istehsal məhsullarının idxal malları ilə rəqabətdə çətinlik çəkməsinin əsas səbəbləri istehsal xərclərinin yüksək olması, bəzi sahələrdə müasir texnologiyaların məhdud tətbiqi, istehsal həcminin kiçik olması və logistika xərclərinin yüksəkliyidir. 

“Bundan başqa, xarici istehsalçıların iri həcmdə istehsal hesabına daha aşağı maya dəyəri ilə məhsul təqdim etməsi, tanınmış brendlərə istehlakçı etimadının yüksək olması da rəqabəti çətinləşdirir. Yerli istehsalın rəqabət qabiliyyətini artırmaq üçün güzəştli kreditlərin genişləndirilməsi, vergi və gömrük təşviqləri, istehsalda yeni texnologiyaların tətbiqinə dəstək, ixracın stimullaşdırılması və sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır”. 

Eyni zamanda, keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və istehsal səmərəliliyinin artırılması da rəqabət üstünlüyünü gücləndirə bilər: 

“İstehlakçıların yerli məhsullara marağını artırmaq üçün məhsulların keyfiyyəti davamlı şəkildə yüksəldilməli, qiymətlər rəqabətqabiliyyətli saxlanılmalı və müasir marketinq üsullarından daha geniş istifadə olunmalıdır”.
 
Ekspert qeyd edir ki, güclü brendinq, cəlbedici qablaşdırma, məhsulun mənşəyini və üstünlüklərini ön plana çıxaran reklam kampaniyaları, həmçinin satış sonrası xidmətin yaxşılaşdırılması istehlakçı etimadını artıraraq yerli məhsullara tələbatın yüksəlməsinə müsbət təsir göstərə bilər. 

Aişə Abdulova 
“Cebheinfo.az”