Azərbaycanda vergi güzəştləri təklif olunur
Kraudfandinq sahəsinə aid vergi güzəştləri mexanizmlərinin tətbiqi bu istiqamətin inkişafına ciddi töhfə verə bilər.
"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Nigar Arpadarai Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda startapların, innovativ layihələrin və yeni biznes təşəbbüslərinin maliyyələşdirilməsi məqsədilə alternativ maliyyə mənbələrinə ciddi ehtiyac mövcuddur:
"Bu kontekstdə şübhəsiz ki, "Kraudfandinq haqqında" qanun dəstəklənməlidir. Burada birinci məsələ kraudfandinq anlayışının özü ilə əlaqədardır. Qanunda əsasən borc əsaslı və səhm əsaslı kraudfandinqdən bəhs edilir və məhz bunlar əsas tənzimlənən formadır. Lakin dünya təcrübəsində kraudfandinqin başqa növləri də mövcuddur. Məsələn, qrant əsaslı kraudfandinq forması var. Bundan əlavə, qarışıq modellər də fəaliyyət göstərir. Məsələn, elə layihələr var ki, maliyyələşdirmədə həm qrant, həm də borc elementlərini eyni vaxtda birləşdirir və ya qrant ilə investisiya birgə tətbiq edilir.
Bu prizmadan mənim sualım bundan ibarətdir ki, qanunda nəzərdə tutulmayan digər kraudfandinq formalarının hüquqi vəziyyəti necə olacaq? Onlardan istifadə imkanı yaranacaqmı, yoxsa bu formalar mövcud olmayacaq, ya da qanundan kənar hesab ediləcək? Düşünürəm ki, bu məsələni qanun çərçivəsində qiymətləndirmək daha doğru olardı və əslində qanunun daha çevik olması bizə kraudfandinqi inkişaf etdirmək üçün geniş imkan yaradacaq".
Deputat qeyd edib ki, ikinci məsələ platformadan istifadə ilə bağlıdır: "Burada əsas platformanın və operatorun orada fəaliyyəti, həmçinin kraudfandinq mexanizmləri müəyyənləşdirilib. Lakin sual meydana çıxır. Məsələn, platformadan kənarda təşkil edilən maliyyələşdirmə necə dəyərləndirilməlidir?
Tutaq ki, hər hansı bir layihənin rəhbəri öz layihəsini "WhatsApp" vasitəsilə maliyyələşdirmək üçün açıq elan yayımlayırsa, bu necə qiymətləndirilir? Yəni bu, qanun baxımından necə təsnif olunur? Bu fəaliyyət qanuni hesab edilirmi, yoxsa artıq qanundan kənar fəaliyyət kimi nəzərdən keçirilir? Bu məsələ ilə əlaqədar da qanunda hər hansı müddəa nəzərdə tutulmayıb".
N. Arpadarai bildirib ki, təklif olaraq iqtisadi stimulları vurğulamaq istəyir: "Layihədə əsasən səhm əsaslı kraudfandinq səhmlərin satışı, borc əsaslı kraudfandinq isə borc alətləri vasitəsilə reallaşdırılacaq. Amma hər iki vasitə – həm səhmlərin, həm də istiqrazların buraxılışı və satışı artıq mövcud qanunvericilik çərçivəsində tənzimlənir.
Belə olan halda investor, eyni zamanda maliyyə cəlb etmək istəyən sahibkar üçün sual yaranır ki, nə üçün məhz kraudfandinq platforması üstünlük verilməli olan variant olmalıdır? Bunun üçün müəyyən stimullaşdırıcı mexanizmin mövcudluğunu təklif edərdim. Adətən kraudfandinqin aktiv şəkildə istifadə olunduğu ölkələrin təcrübəsinə nəzər salsaq, bu, əksər hallarda vergi güzəştləri mexanizmidir. Belə ki, əgər bu cür mexanizmlər nəzərdə tutulmasa, platforma maraq doğurmaya bilər".
"Cebheinfo.az"

