“Yaşıl Yol Xəritəsi” Mingəçevirdə: inklüzivlik və yerli uğur hekayələri

“Yaşıl Yol Xəritəsi” Mingəçevirdə: inklüzivlik və yerli uğur hekayələri

9 qadın və 6 kişi iştirakçı, anası ilə birlikdə gələn autizm sindromlu gənc və yerli şirniyyat ustasının əl işləri – Mingəçevirdə keçirilən “Yaşıl Yol Xəritəsi”nin təlimləri fərqli simalar və real dayanıqlılıq nümunələri ilə yadda qalıb.

"Cebheinfo.az" xəbər verir ki, “Yaşıl Yol Xəritəsi” layihəsi çərçivəsində növbəti üçgünlük intensiv təlim 10-12 iyul 2026-cı il tarixlərində Mingəçevirdə təşkil olunub. Təlimin əsas məqsədi dövlət, QHT və biznes nümayəndələrinə tədbirləri ekoloji cəhətdən təmiz, sosial baxımdan inklüziv və iqtisadi cəhətdən səmərəli şəkildə təşkil etmək bacarıqlarını aşılamaqdır.

Təlimdə gender balansı diqqəti çəkən məqamlardandır. Belə ki, cəmi 9 nəfər nəzərdə tutulmasına baxmayaraq, müraciət edənlərin sayı çox olub və nəticədə 9 qadın və 6 kişi iştirak edib. Bundan əlavə, tədbirə anası ilə birlikdə gələn autizm sindromlu gənc də qatılıb və qrup tapşırıqlarının icrasında fəal iştirak edərək hər kəsə ilham verib.

Təlimin digər fərqli cəhəti isə karbon izini minimuma endirmək məqsədilə tətbiq olunan praktiki addımlar idi. Kofe-breyklərdə şəhərin yerli sakinlərindən birinin evində hazırladığı təbii şirniyyatlar süfrəyə gətirilib. Bu şirniyyatların sahibi üç günlük təlimə qatılan Könül Məmmədova olub. O, 3 il əvvəl “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin Mingəçevir Resurs Mərkəzi ilə birgə həyata keçirdiyi “Mingəçevirdə Valideyn Təlatümü” layihəsi çərçivəsində şirniyyat sexində şagird kimi çalışıb, peşəni öyrənib.

Layihənin sonunda biznes plan hazırlayıb, avadanlıq əldə edib və indi öz ailəsinə aid kiçik şirniyyat sexi açmaq arzusu ilə addım-addım irəliləyir. Təlim iştirakçılarına “Mən öz məhsullarımı buraya gətirməklə həm ekoloji yükü azaldıram, həm də öz kiçik biznesimi dəstəkləyirəm” deyərək ürək sözlərini bölüşüb.

Təlim zamanı iştirakçılar davamlı tədbirlərin idarə edilməsinin tərəfləri, vəzifələri və ətraf mühitə təsiri, tədbir məkanı və qidalanmanın dayanıqlılığı, inklüziv yanaşmalar, Davamlı Tədbirlər Bələdçisinin hazırlanması və standartlar üzrə praktiki tapşırıqları yerinə yetiriblər. Bütün materiallar elektron formada paylaşılıb, birdəfəlik plastikdən imtina olunub, sorğular onlayn keçirilib.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, təlimçi Sahib Məmmədov iştirakçılara dayanıqlı tədbir idarəçiliyinin beynəlxalq standartlarını və yerli reallıqlara uyğunlaşdırma yollarını təqdim ediblər.

1 may 2026-cı ildən başlayan və avqustun sonunadək davam edəcək layihənin yekununda iştirakçı təşkilatlar üçün “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanmasında mentor dəstəyi göstəriləcək.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

"Cebheinfo.az"