ABŞ-ın İrana zərbələri 4 saata yaxın davam edib: İlk dəfə bu silahdan istifadə olunub
Ötən gecə ABŞ ordusunun İrandakı hədəflərə zərbələri 4 saata yaxın davam edib.
"Cebheinfo.az" xəbər verir ki, zərbələrin nəticələrinə dair məlumat ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında yerləşdirilib: "CENTCOM İrana qarşı yeni hücum zərbələri dalğasını tamamlayaraq, İranın Hörmüz boğazından keçən beynəlxalq gəmilərə hücum etməyə davam etmək qabiliyyətini zəiflətmək üçün dəqiq idarə olunan sursatlarla birdən çox yerdə onlarla hədəfi vurub".
Qeyd olunur ki, zərbələr zamanı ABŞ qüvvələri qırıcı təyyarələr, gəmilər və dronlardan istifadə edərək İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və qayıqlarını məhv edib.
Hücum zamanı ABŞ ordusu ilk dəfə dəniz dronlarından istifadə edib. X-dəki açıqlamaya görə, ABŞ ordusu təkcə pilotsuz uçuş aparatlarından istifadə etməyib, həm də "ilk dəfə hücum dəniz dronlarını yerləşdirib". Bu silahlarla zərbələrin istifadəsinin miqyası və effektivliyi barədə məlumat hələ verilməyib.
CENTCOM həmçinin bir daha vurğulayıb ki, İran Hörmüz boğazına nəzarət etmir./Musavat.com
"Cebheinfo.az"

