TƏBİB-in sabiq departament müdiri yoqa mərkəzi açıb - FOTOLAR
TƏBİB-dəki son rəhbər dəyişilkliyindən sonra vəzifəsindən ayrılmış İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin keçmiş rəhbəri Zamirə Adilova yeni fəaliyyət sahəsini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Həyat bəzən insanı başladığı yerə qaytarır. Amma bu dəfə başqa bir məqsədlə…
Düz 7 il əvvəl bir səhər tezdən həyatımda kiçik görünən, amma sonradan ən böyük təsirlərindən birini göstərən bir qərar verdim - yoga ilə tanış oldum. O gün bilmirdim ki, bu qərar həyatımın ən doğru qərarlarından biri olacaq.
Yoga mənə sadəcə bədənimi gücləndirmədi. Mənə nəfəs almağı, dayanmağı, özümü dinləməyi öyrətdi. Həyatın gətirdiyi çətinliklər qarşısında tarazlıqda qalmağı, stresi sağlam idarə etməyi, emosiyalarımı qəbul etməyi və daxili sakitliyimi qorumağı öyrətdi.
Həyatımın ən çətin dövrlərində belə yoga mənim üçün sığınacaq oldu. Hər dəfə matın üzərinə çıxanda sanki özümlə yenidən görüşürdüm.
Bu məkan mənim üçün sadəcə bir yoga studiyası deyil. Burada özümü yenidən kəşf etdim. Dəfələrlə yoruldum, sındım, amma hər dəfə bir az daha güclü ayağa qalxdım.
Bildiyiniz kimi, aprel ayından etibarən sonuncu iş yerimdən ayrılmışam. Düşünürəm ki, bir Oğlaq bürcünün işsiz qalmasının nə demək olduğunu ən yaxşı yenə Oğlaqlar anlayar. Mən işləməyi, yaratmağı və faydalı olmağı sevən insanam”.
O qeyd edib ki, budövrdə rəfiqəsi ilə birlikdə “Soul Harmony Yoga & Meditation Center”-i icarəyə götürərək fəaliyyətini davam etdirmək qərarına gəlib:
“İnanıram ki, bu, təsadüf deyil. Həyat bəzən bizi ən çox ehtiyacımız olan yerə qaytarır.
Bu məkanda yoqa, meditasiya, mantralar, sound healing, fərdi psixoloji terapiyalar və insanın öz daxili harmoniyasını yenidən kəşf etməsinə kömək edən müxtəlif praktikalar keçirilir.
Eyni zamanda, otaqları seanslar, praktikalar və tədbirlər üçün icarəyə də veririk”.
O, eyni zamanda peşəkar fəaliyyətə də açıq olduğunu deyib:
“İctimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində uzun illər ərzində qazandığım təcrübəmi yeni komandada və yeni layihələrdə davam etdirmək istəyirəm”.
Xəzər
“Cebheinfo.az”

