İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb

İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsində (KQM) Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi iqlim dəyişmələrinə qarşı mübarizəyə ictimai dəstək istiqaməti üzrə “Şabranda yaşıllaşdırna aksiyalarının təşkili” layihəsi üzrə qalib seçilib. Layihənin fəaliyyəti dövrü 01 iyul - 31 avqust 2026-cı il tarixləri arasındakı müddəti əhatə edir.

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin sədri-layihə rəhbəri Gülsənəm Əmrahova bildirib ki, layihə çərçivəsində Şabran rayonunun Daşlıyataq və Xırdaoymaq kəndlərində yerli bələdiyyə, icra hakimiyyəti orqanları və sakinlərin iştirakı ilə tədbirlər təşkil olunacaq. Tədbirlərdə yaşıllaşdırma aksiyalarının təşkili barədə yerli sakinlərə ətraflı məlumatlar veriləcək, iştirakçıların fikir və təklifləri dinləniləcək, diskussiya xarakterli söhbətlər olunacaq. Şabran rayonunun şimal hissəsində yerləşən Təzəkənd kəndinin ərazisində açıq meşələrin bərpası üçün əlaqədar dövlət qurumlarının iştirakı ilə baxış-monitorinqlər təşkil ediləcək.

Yerli sakinlərin iməciliklər keçirilməsi yolu ilə Təzəkənd kəndində 300 ədəd eldar şamı ağac tinglərinin əkilməsi yolu ilə yaşıllıq ərazi yaradılacaq. Yaşıllaşdırılan ərazilərdə Agentliyin və BP-nin dəstəyi ilə həyata keçirilən layihənin fəaliyyətini əks etdirən lövhə-panno quraşdırılacaq və üzərində layihənin mövzusunu əks etdirən şüarlar əks olunacaq.

"Cebheinfo.az"