"Qələbənin Memarı" kitabının təqdimatı keçirildi - FOTOLAR
Yazıçı-publisist Aydın Tağıyevin "Qələbənin Memarı:
Cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix" adlı kitabının təqdimat mərasimi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.
Aydın Tağıyev bildirib ki, əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb.
Müəllif qeyd edib ki, tarixi hadisələrin dəqiq faktlar və rəsmi sənədlər əsasında sistemləşdirildiyi kitab təkcə bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən dəyərli tarixi mənbədir. O vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir.
Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov və Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib.
Daha sonra kitabın redaksiya heyətinin üzvləri – baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.
Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, oxuculara imzalı kitablar təqdim edib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"

