Hikmət Hacıyev: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var"

Hikmət Hacıyev: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var"

Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas mesajı ondan ibarətdir ki, ölkə sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanıdır.

"Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Aİ eləcə də onun ayrı-ayrı üzv dövlətləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bununla yanaşı, Aİ-nin bir çox ölkələri ilə ikitərəfli əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - deyə H.Hacıyev bildirib.

O həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, ölkə Aİ üçün enerji resurslarının strateji tədarükçüsü və onun əsas iqtisadi tərəfdaşlarından biridir.

"Azərbaycan ticarətinin təxminən 70 %-i Aİ ölkələrinin payına düşür. Biz hesab edirik ki, Avropa İttifaqı, onun üzv dövlətləri və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur", - Prezidentin köməkçisi deyib.

Müsahibə zamanı H. Hacıyev Azərbaycanın və xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərinin bərpasından da danışıb.

Onun sözlərinə görə, təxminən 30 illik işğal ərzində Şuşa demək olar ki, tamamilə dağıdılmışdı. Lakin bu gün şəhər öz dirçəlişini yaşayır və yeni həyata qovuşur.

"Analoji proseslər Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində baş verir", - Prezidentin köməkçisi bildirib.

"Cebheinfo.az"