Qəribəliklərlə dolu ilk Qələbə Paradı: Stalin onu at belində qəbul etməli idi, amma...

1945-ci ilin 24 iyununda keçirilən Qələbə Paradı Sovet İttifaqının Böyük Vətən müharibəsindəki qələbəsini simvolizə edirdi.
"Cebheinfo.az" "Komsomolskaya Pravda" qəzetinə istinadən bu əlamətdar hadisənin hazırlanmasından, paradın keçirilməsi ilə bağlı ətraflı məlumatlardan bəhs edən məqalə təqdim edir.
Qələbə Paradının necə keçirilməsi və kimlərin bu paradı təşkil etməsi ilə bağlı maraqlı iki versiya mövcuddur. Birinci versiyaya görə, bu ideya birbaşa Stalinin özünə məxsus idi. Jukovun xatirələrində yazdığına görə, Stalin 1945-ci ilin may ayında keçirilən bir müşavirədə belə deyib:
"Faşist Almaniyasına qarşı qələbənin şərəfinə Moskvada Qələbə Paradı keçirmək və bu paradda xüsusilə fərqlənmiş əsgərlər, zabitlər, baş çavuşlar iştirak etməlidir".
Bu təklif hər kəs tərəfindən dəstəklənib. Amma başqa bir versiyaya görə, Qələbə Paradının keçirilməsini və məğlub düşmənin bayraqlarının yerə atılmasını təklif edən şəxs məşhur tarixçi Yevgeni Tarle olub. Tarle Stalinə bu ideyanı təqdim edərkən iki əsas arqument irəli sürüb. Birincisi, qədim Roma döyüşçüləri məğlub etdikləri düşmənin bayraqlarını ayaqlar altına atırdılar, ikincisi isə Suvorovun da eyni hərəkəti etdiyi barədə məlumatlar var.
Bu paradda iştirak edən bayraqlar arasında Vlasovçuların ştandartının olub-olmaması hələ də mübahisəlidir. Rəsmi sənədlərdə, fotoşəkillərdə və ya videolarda Vlasovçuların bayrağı ilə bağlı heç bir sübut yoxdur. Hətta rəsmi siyahılarda da Vlasovun “xainlər ordusu”nun bayrağı yer almayıb. Bununla yanaşı, internetdə müxtəlif saxta rəsmlər və fotokollajlar yayılsa da, rəsmi sənədlərdə Vlasovçuların bayrağının qeyd olunmadığı açıq şəkildə göstərilir.
Əslində, bu bayraqlar siyahısında "RO" qısaltması ilə göstərilən bayraqların alman polisinin müxtəlif xidmətlərinə aid olduğunu və Vlasovçuların bayrağının bu bayraqlarla əlaqəsi olmadığını qeyd etmək vacibdir. Vlasovçuların bayrağı bugünki Rusiya bayrağından fərqli olaraq, Andrey bayrağına daha çox bənzəyirdi.
Bu iki versiya və mübahisəli bayraqlar məsələsi 1945-ci ilin 24 iyununda keçirilən Qələbə Paradının tarixini daha maraqlı və qeyri-adi edir.
Əslində Stalin özü Qələbə Paradını at belində qəbul etməyi planlaşdırmışdı. Amma son anda bu qərardan vaz keçdi və meydanda onu deyil, Marşal Georgi Jukov göründü. Niyə?
Jukovun xatirələrindən məlum olur ki, paraddan bir həftə əvvəl Stalin onu bağ evinə çağıraraq zarafatla soruşub:
- Sən at sürməyi yaddan çıxarmamısan ki? Axı indi ancaq maşınla gəzirsən.
Jukov cavab verib:
-Yox, sürməyi unutmamışam, vaxt tapan kimi yenə də at belinə minirəm.
Stalin isə bu söhbətin arxasından əsas məsələni deyib:
- Elə isə, Qələbə Paradını sən qəbul edəcəksən. Komandan isə Rokossovski olacaq.
Jukov bir az təəccüblənsə də, etiraz etməyib:
- Təşəkkür edirəm. Amma bəlkə siz özünüz qəbul edəsiniz? Daha yerinə düşər.
Stalin isə cavab verib:
- Mən artıq yaşlanmışam, parad qəbul etmək vaxtım keçib. Sən isə hələ cavansan.
Ancaq sonradan Jukov daha bir maraqlı fakt öyrənir. Hava limanında Stalinin oğlu Vasili ona deyir ki, əslində, at belində paradı qəbul etmək planı əvvəlcə Stalinə məxsus olub. Budyonniyə tapşırılıb ki, rəhbər üçün ağ rəngli, xüsusi bir at hazırlansın.
Stalin hətta məşq meydanına gedib və orada at sürmə bacarığını yoxlamaq istəyəndə, hər şey gözlənilməz şəkildə dəyişib. O, atın yəhərinə əl atıb, ancaq at qəfil sıçrayıb və Stalin yıxılıb. O başından xəsarətlər alıb. Bu insidentdən sonra Stalin fikirini dəyişib və meydanda görünməkdən vaz keçib.
Bəs niyə Reyxstaqın üzərinə sancılan məşhur Qələbə bayrağı Qırmızı Meydanda nümayiş etdirilmədi?
O bayraq 20 iyun 1945-ci ildə Berlindən Moskvaya gətirilmişdi və paradda nümayişi planlaşdırılmışdı. Hətta bayraq daşıyan döyüşçülər – Neustrorov, Yeqorov, Kantariya və Berest xüsusi məşqlərə də qatılmışdılar. Amma problem bu idi ki, bu döyüşçülərin əksəriyyəti ağır yaralanmış, fiziki cəhətdən zəif düşmüşdü.
Məsələn, Neustrorov 22 yaşında beş dəfə yaralanmışdı, ayağında qəlpə vardı və yerişi ləng idi. Onlar paradda addım ölçüsünü saxlaya bilmirdilər və bu da ciddi görünüş problemi yaradırdı. Yeni adamlar təyin etmək isə artıq gec idi.
Buna görə də qərar verildi: Qələbə bayrağı bu dəfə nümayiş etdirilməyəcək. Yalnız 1965-ci ildə Qələbənin 20 illiyində o bayraq ilk dəfə rəsmi şəkildə paradda yer aldı.
Qələbə bayrağının bir hissəsi yox idi?
Bu barədə deyilənlər həqiqətdir. Müqəddəs Qələbə bayrağının bir kənarında –təxminən 73 santimetr uzunluğunda və 3 santimetr enində bir parça çatışmır. Bununla bağlı iki maraqlı versiya var: 2 may 1945-ci ildə Reyxstaqın damında olan əsgər Aleksandr Xarkov həmin parçanı xatirə üçün özü ilə götürüb.
Digər, daha inandırıcı hesab olunan versiyada isə bayraq sonradan 150-ci piyada diviziyasının siyasi şöbəsində saxlanılıb və orada işləyən qadınlardan biri həmin zolağı suvenir kimi kəsib. Hətta 1970-ci illərin əvvəllərində Sovet Ordusu Muzeyinə bir qadın gəlib, bu hekayəni danışıb və özü ilə gətirdiyi bayraq parçasını göstərib.
Məşhur minaaxtaran it - Culbars Mavzoleyin qarşısından keçib?
Bu hekayə barədə illərlə yazılıb, danışılıb, amma təəssüf ki, əslində bir mifdən ibarətdir. Culbars Böyük Vətən müharibəsinin qəhrəman iti idi, minlərlə minanı, yüzlərlə mərmini aşkar etmişdi. Dunaydakı saraylar, Praqa qalaları, Vyana kilsələri onun sayəsində təhlükədən xilas olub. Amma Qələbə Paradına qatılmayıb. Çünki o zaman Culbars ağır yaralı idi. Mətbuatda yayılan romantik hekayə – guya Stalin onu şəxsi paltosuna bükərək paradda daşıtdırması ürəkaçandır, amma gerçəyə uyğun deyil. Culbars paradda iştirak etməyib.
Niyə Qələbə Paradı 24 iyun tarixində keçirildi?
İlk baxışda bu tarix bir az gec kimi görünə bilər, axı müharibə 9 mayda bitmişdi. Amma bu qərarın çox sadə və insani səbəbi var: minlərlə qəhrəman döyüşçü qələbə gününə köhnə, cırıq və ləkəli döyüş gödəkçələrində çıxmalı deyildi. Onlara yeni hərbi formalar tikilməli idi. Ancaq fabriklər və tikiş atelyeləri bu qədər çox geyimi bir həftəyə hazırlaya bilməzdi – təxminən bir ay vaxt lazım idi. Elə buna görə də parad 24 iyuna təyin edildi.
Bir maraqlı detal da tankçılarla bağlı idi. Onların yeni parad formaları yox idi. Təşkilatçılar qərara gəldilər ki, onlar öz işçi kombinezonlarında və şlemlərində meydana çıxsınlar. Amma bir çətinlik vardı, bu geyimlərə orden-medalları necə taxmalı?
Sonda bu da həll olundu, tankçıların kombinezonlarına döyüş medalları xüsusi şəkildə bərkidildi. Beləliklə, Qələbə Paradı təkcə hərbi gücün nümayişi deyildi, həm də qəhrəmanlara olan dərin ehtiramın, insani yanaşmanın parlaq nümunəsi idi.
Qələbə Paradı zamanı təhlükəsizlik necə qorunurdu?
Təhlükəsizlik məsələsinə o dövrdə xüsusi diqqət yetirilmişdi. Bu işi Dzerjinski adına 2-ci motoatıcı xüsusi təyinatlı daxili qoşunlar diviziyasının bölmələri həyata keçirirdi. Mavzoleyin qarşısında, tribunaya yaxın hissədə 3-cü motoatıcı alayın əsgərləri keşik çəkirdi.
Hətta paradda iştirak edən hərbi hissələrin içərisində xüsusi 200 nəfərlik qarışıq batalyon da təşkil olunmuşdu. Onların yarısı müharibədə döyüşmüş, təcrübəli döyüşçülər idi. Bu insanlar həm təhlükəsizliyi qoruyur, həm də paradda nizamla addımlamaqda təcrübəsi olmayan əsgərlərə dəstək olurdular.
Qırmızı Meydandan kimlər keçmişdi?
1945-ci ilin 24 iyununda Qırmızı Meydandan keçənlərin sayı sadəcə statistika deyil, həm də qəhrəmanlıq simvoludur:
• 24 marşal
• 249 general
• 2 536 zabit
• 31 116 sıravi əsgər və serjant
• 1 850 ədəd hərbi texnika.
Təyyarələr niyə uçmadı?
Həmin gün hava şəraiti paradın ssenarisini bir qədər dəyişdirdi. Parad başlamazdan təxminən 15 dəqiqə əvvəl yağış başladı və tezliklə leysana çevrildi. Bu üzdən təyyarələrin uçuş proqramı ləğv edildi. Stalin tribunada palto və rezin çəkmədə göründü. Amma bəzi marşallar üçün vəziyyət daha dramatik olmuşdu. Məsələn, marşal Rukosovskinin parad forması islanıb quruduqdan sonra o qədər bərkimişdi ki, onu normal qaydada soyunmaq mümkün olmadı, formanı sadəcə cırıb çıxardılar!
Jukovun nitqi o qədər dəqiq hazırlanmışdı?
Marşal Georgi Jukov bu tarixi nitqə elə bir dəqiqliklə hazırlaşmışdı ki, hətta hansı cümləni hansı intonasiya ilə deməli olduğu da yazılmışdı.
Məsələn:
• Daha yavaş, daha ciddi — "Dörd il əvvəl alman-faşist dəstələri quldurcasına ölkəmizə hücum etdilər..."
• Daha güclü, artan şəkildə — "Qırmızı Ordu özünün dahi komandirinin rəhbərliyi altında qərarlı hücuma keçdi..."
• Daha dərin, daha yavaş — "Zəfəri ağır itkilər bahasına əldə etdik..."
Bu nitqin orijinal mətnini bu gün də Silahlı Qüvvələr Muzeyində görmək mümkündür.
1945-ci ildə təkcə bir Qələbə Paradı oldu?
Əslində yox. 1945-ci ilin tək böyük paradı Moskva Qırmızı Meydanında keçirilən möhtəşəm Qələbə Paradı deyildi. İlk Qələbə Paradı 4 mayda, Berlində Brandenburq qapıları yaxınlığında təşkil olunmuşdu. Onu Berlindəki hərbi komendant, general Berzarin qəbul etmişdi.
Sonra, 7 sentyabrda daha bir parad keçirildi. Bu dəfə Berlində, artıq Jukovun təşəbbüsü ilə. Burada SSRİ ilə yanaşı müttəfiqlərin - ABŞ, Böyük Britaniya və Fransanın hər birindən 1.000 nəfərlik birlik və tank bölmələri iştirak edirdi. Həmin gün sovet tankları xüsusilə də 52 ədəd IS-3 ağır tankı böyük heyranlıq doğurmuşdu.
Nəhayət, 1945-ci il 16 sentyabrda Sovet Ordusu Uzaq Şərqdə, Xarbin şəhərində Yaponiyanın məğlubiyyətinə həsr olunmuş Qələbə Paradı keçirdi.
Səbinə Uğur
"Cebheinfo.az"