Matviyenko: "Rusiya-Azərbaycan münasibətlərinin təməlini Heydər Əliyev qoyub"

Matviyenko: "Rusiya-Azərbaycan münasibətlərinin təməlini Heydər Əliyev qoyub"

Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq hər iki ölkə xalqlarının maraqlarına cavab verir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində bildirib.

"Münasibətlərimizin təməlində Azərbaycanın böyük rəhbəri və milli lideri Heydər Əliyev durub. O deyirdi ki, dünya quruculuq sayəsində yaşayır və inkişaf edir. Rusiya və Azərbaycan əlaqələri məhz quruculuq və qarşılıqlı etimad çərçivəsində qurulur", - o vurğulayıb.

Federasiya Şurası sədrinin sözlərinə görə, parlamentlərarası dialoqun rolunu qiymətləndirməmək olmaz. "Parlamentlərimiz arasında birbaşa dialoq qurulub, birgə fəaliyyət üçün yol xəritəsi hazırlanıb. Nümayəndə heyətində həm Milli Məclisin deputatlarının, həm də Rusiyadan olan deputatların iştirak etməsi əməkdaşlığımızın və müttəfiqlik münasibətlərimizin səviyyəsindən xəbər verir", - o qeyd edib. 

V.Matviyenko həmçinin rus dilinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. "Rus dilinin dəstəklənməsi istiqamətində gördüyü işlərə görə Mehriban Əliyevaya xüsusi təşəkkürümü bildirmək istəyirəm", - o bildirib.

"Cebheinfo.az"