Buğda idxalı artıb: "Daha az pula daha çox buğda alırıqsa..."

Buğda idxalı artıb: "Daha az pula daha çox buğda alırıqsa..."

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 187 min 569 ton buğda idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə buğdanın dəyəri 40 milyon 496 min ABŞ dolları təşkil edib.Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 52 min 699 ton (39 %), dəyər baxımından isə 9 milyon 608 min ABŞ dolları (31,1 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1 %-ni təşkil edib.

Maraqlıdır, dünya bazarında buğdanın qiymətində baş verən dəyişikliklər, eləcə də regiondakı geosiyasi faktorlar ölkənin ərzaq strategiyasına necə təsir edir?

Mövzu ilə bağlı fikirlərini "Cebheinfo.az"-a açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ərzaq buğdasının yarıdan çoxunu xaricdən idxal edir. 

Onun sözlərinə görə, hər il həcmcə təxminən 1,2-3 milyon ton buğda deməkdir. 

Ekspert müxtəlif dövrlərdə buğdanın qiymətinin artıb azala biləcəyini buna görə də ölkənin ərzaq buğdasına çəkdiyi xərcin də dəyişdiyini qeyd edib.

"Məsələn, 2020-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbindən buğdanın qiyməti 1 ton üçün 350-400 dollara qədər bahalaşmışdı. Həmin dövrdə Azərbaycanın ərzaq buğdasının idxalına çəkdiyi xərc təxminən iki dəfə artmışdı.

Lakin son vaxtlar dünya bazarında buğda ucuzlaşmağa başlayıb. 2023-cü ilin sonlarından etibarən ərzaq buğdasının qiymətində eniş müşahidə olunur. Bu, Ukrayna müharibəsi fonunda yeni ərzaq tədarük zəncirlərinin formalaşması ilə əlaqədardır. Əvvəllər Ukrayna dünya bazarına çıxardığı buğdanın 60-70 %-ni özü ixrac edirdi. Lakin indi həmin payın böyük hissəsini Rusiya Federasiyası ələ keçirib.

2022-ci ildə Rusiya dünya bazarına 20 milyon tondan bir qədər artıq ərzaq buğdası ixrac edirdisə, hazırda bu göstərici 60-70 milyon tona yüksəlib. Belə ki, ötən il Rusiyanın buğda ixracı 70 milyon tona yaxınlaşıb. Beləliklə, Rusiyanın bu sahədəki ixrac həcmi üç dəfədən çox artıb".

Akif Nəsirli vurğulayıb ki, bu tendensiyanın Azərbaycan üçün müsbət tərəfi odur ki, Rusiya bazarında buğdanın qiyməti daha münasibdir:

"Azərbaycan əsasən Rusiyadan buğda idxal etdiyinə görə ölkənin bu sahəyə çəkdiyi xərclər də azalır. Ümumiyyətlə, ixrac gəlirlərinin cəmi 1 %-nin ərzaq buğdasına xərclənməsi kifayət qədər aşağı göstərici hesab olunur.

Yəni, daha az vəsait xərcləməklə böyük həcmdə buğda idxal edə bilirik. Çünki ölkənin bir nömrəli strateji ərzaq məhsulu məhz buğdadır. Əgər biz buğdanı bu cür münasib qiymətə idxal edə biliriksə, bu, müsbət haldır".

Səbinə Uğur
"Cebheinfo.az"