“Soyüş müxalifəti” çağırışa gəlməsə: Aqibəti belə olacaq - Hüquqşünas

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq “söyüş müxalifəti”nin bir qrup üzvlərini prokurorluğun istintaq idarəsinə çağrıb.
Belə ki, ilk olaraq prokurorluq İctimai TV vasitəsilə Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəliyə çağırış edib.
Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib. Həmçinin Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.
Bundan başqa Baş Prokurorluğunun İstintaq idarəsi Tural Sadıqlını da istintaqa çağırıb. Qeyd olunub ki, Tural Sadıqlı Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.
Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Barəsində çağırış edilən adıçəkilən şəxslər ölkəyə gətirilə və İnterpol vasitəsilə axtarışa verilə bilərmi?
Məsələ ilə bağlı “Konstitusiya" Araşdırmaları Fondu”nun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Baş prokurorluq bütün mümkün olan istintaq tədbirlərini və təqib hərəkətlərini həyata keçirir:
“Həmin şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı zəruri olan bütün tədbirləri görmək üçün hüquqi əsasları var. Eyni zamanda, bütün görülən tədbirlərə baxmayaraq, həmin şəxslər istintaq orqanlarına gəlib ifadə vermək istəmirlər və buna görə də Baş prokurorluq qanunvericilik normalarına əsasən çağırışla çıxış etdi.
Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda olduqda və istintaqdan gizləndikdə, onun prosesdə iştirakını təmin etmək üçün özəl tədbirlər görülməlidir. Buraya çağırışların edilməsi, axtarışların elan edilməsi daxildir. Artıq çağırışlar, eləcə də axtarışlar elan edilib. Axtarış elan ediləndən sonra bu şəxslərə ağır cinayətlərlə bağlı ittiham verilib. Həmin şəxslər hətta terror cinayətlərində də ittiham olunurlar. Ona görə də “qırmıızı çağırış”la İnterpola da müraciət etmək olar”.
O bildirib ki, İnterpol onların barəsində axtarış verəcək:
"Ancaq bu tədbirlər nəticə vermədiyini görərək son mərhələ olaraq İTV və radio vasitəsilə çağırış həyata keçirildi. Bu, onların istintaqa könüllü gəlməsinin sonuncu hüquqi addımı sayılır. Əgər bu nəticə verməsə, onda Cinayət prosessual qanunvericiliyinə edilmiş dəyişikliklərə uyğun olaraq həmin şəxslərin istintaqı artıq qiyabi icraat səviyyəsində aparılacaq. Müvafiq qaydada da qanunvericilikdə nəzərdə tutulmuş tədbirə- hökm çıxarılmasına qədər proses davam edəcək. Yəni onların iştirakı olmadan qiyabi şəkildə olacaq.
Baş prokurorluq müvafiq hüquqi sənədləri tam olaraq hazırlayıb həmin şəxslərin yaşadıqları dövlətlərə sorğu ilə müraciət edib və həmin dövlətlərin də müvafiq orqanları bu sorğuya uyğun dərəcədə cavab verməlidir. Yəqin ki, cavab verəcəklər. Həmin şəxslərin ağır cinayətlərdə ittiham edilməsi nəzərə alınaraq onların ölkəyə verilməsinə yetərli hüquqi əsaslar var.
Aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində həmin şəxslərin ölkəyə qaytarılması mümkün olacaq. Əgər həmin şəxslər ölkəyə qayıtmasa belə, icraat qiyabi formada həyata keçiriləcək və barələrində məhkəmə istintaqında müvafiq qərarların qəbul edilməsi ilə nəticələnəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”