Qələbə paradı ilə bağlı təklifə reaksiya: “Erməni faşizmi üzərində...”

Qələbə paradı ilə bağlı təklifə reaksiya: “Erməni faşizmi üzərində...”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı təklif irəli sürüb. 

Partiyanın İdarə Heyətinin növbəti iclasında bu əlamətdar tarixin əhəmiyyəti vurğulanaraq, Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki misilsiz töhfələri bir daha xatırlanıb.

ƏHD Partiyası hökumətə 8 mayda Azadlıq meydanında Qələbə paradının keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Bu təklif sosial şəbəkələrdə böyük müzakirələrə və mübahisələrə səbəb olub. 

Maraqlıdır, faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə Bakıda parad keçirilməsi bu qədər vacibdir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, faşizm üzərində qələbə qazanan babalarımızın ruhunu hər zaman hörmətlə anırıq.

Onun sözlərinə görə, amma 44 günlük Vətən müharibəsinin şərəfinə keçirlən paradı ənənəyə çevirmək daha doğru olar:

“Faşizm üzərində qələbə Azərbaycan xalqının tarixində son dərəcə mühüm bir hadisədir. Bu qələbəni qazanan əcdadlarımızın ruhunu böyük ehtiram və dərin hörmətlə yad edirik. Çünki İkinci Dünya müharibəsində demək olar ki, elə bir azərbaycanlı ailəsi olmayıb ki, hər hansı formada itki verməmiş olsun.

Bu səbəbdən də faşizm üzərində qələbə günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Amma biz bu gün daha böyük bir emosiya ilə Vətən müharibəmizin qələbəsinin sevincini yaşayırıq. Məhz bu tarixi zəfərin şərəfinə keçirilən paradı ənənəyə çevirmək daha doğru olar. Təbii ki, İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsi daim əziz tutulur və tutulmalıdır.

Amma bu günə qədər Azərbaycanda bu münasibətlə paradın keçirilməsi ənənəsi yoxdur.Əgər hər il belə bir parad keçirilməsi zəruridirsə, biz artıq bunu 44 günlük Vətən müharibəsindən sonra etmişik. Bu ənənə davam etdirilməlidirsə, erməni faşizmi üzərində qazandığımız qələbəni də, alman faşizmi üzərində əldə etdiyimiz zəfəri də xüsusi paradlarla qeyd edə bilərik. Yəni bunların biri digərinə mane olmur”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”