Rusiyadan Azərbaycana yeni dalğa gəlir?

Rusiyadan Azərbaycana yeni dalğa gəlir?

Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan Dövlət Dumasının deputatları partiyanın lideri Leonid Slutski ilə birlikdə Nazirlər Kabinetinə qanun layihəsi göndəriblər. 

Sənəddə müvafiq əlavə ödənişlər nəzərə alınmaqla, miqrantlar üçün yaşa görə sosial pensiyanın ləğvi təklif edilir.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Sənəddə qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, bu hüquq Rusiya Federasiyasında ən azı 15 il daimi yaşayan və yaşayış icazəsi olan (70 yaşına çatmış kişilər və 65 yaşına çatmış qadınlar) xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün də var. 

Bundan əlavə, Rusiya qanunvericiliyi pensiyaya federal və regional əlavə ödənişləri nəzərdə tutur.

İzahat qeydində deyilir ki, Rusiyada orta təyin olunmuş pensiyanın orta əmək haqqına nisbəti təxminən 28% təşkil edir, yəni pensiya əmək haqqının üçdə birindən az hissəsinin kompensasiyasına imkan verir: 

“Təşəbbüsün müəllifləri hesab edirlər ki, belə bir tədbir pensiya sistemini əsassız sosial öhdəliklərdən qorumağa və büdcə yükünü azaltmağa kömək edəcək”. 

Qeyd edək ki, Rusiyada hazırda 331 min 727 azərbaycanlı miqrant yaşayır. Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatına görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfəri miqrasiya qeydiyyatına alınıb. Qeyri-rəsmi məlumata görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. 

İyunun 30-dan Rusiyaya vizasız giriş hüququ olan xarici vətəndaşlardan QR kodu tələb olunacaq. Lakin QR kodu təqdim edən əcnəbi Rusiyaya buraxılmaya da bilər. Burada qərarı sərhədçilər verəcək. Xatırladaq ki, Rusiya yalnız miqrantlarla bağlı deyil, dəfələrlə Azərbaycan kənd təsərrüfatı məhsullarını sərhəddən geri qaytarıb. 

İyunun sonunda isə yeni qaydalar təbiq ediləcək. Bütün bunlarla Rusiya Azərbaycana qarşı təzyiqləri artırır? Mövcud vəziyyətlə bağlı miqrantlara qarşı yeni kütləvi dalğa başlaya bilərmi? 

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov “Cebheinfo.az”a bildirib ki, hər il meyvə-tərəvəzin Rusiyaya ixrac olunduğu aylarda tez-tez sərhəddən geri qaytarılması kimi halların şahidi oluruq: 

“Rusiyanın aidiyyəti strukturları yoxlamadan keçməyən məhsulu ölkəyə buraxmır. Bu məhsullar Rusiyaya müxtəlif ölkələrdən gətirilir. Rusiyanın hesabatlarına diqqət yetirsək görərik ki, Azərbaycan, Mərkəzi Asiya respublikaları, İran, bəzi hallarda Türkiyədə zaman-zaman bu tipli sərt qərarların verildiyi ölkələr sırasında yer alırlar. 

Bu, sırf Azərbaycana qarşı bir təzyiq kimi dəyərləndirilsə, digər tərəfdən yəqin ki, bu qərarın hansısa bir əsası var. Bu məsələ bizim aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılmalıdır ki, həqiqətənmi qərəz, təzyiq elementi var, yoxsa kənd təsərrüfatı məhsulu Rusiyanın qoyduğu hansısa standartlara cavab vermir. 

Düşünürəm ki, bud a müzakirə predmetidir. Təbii ki, bununla manipulyasiya etmək düzgün olmaz. Aidiyyəti strukturlar bununla bağlı öz qərarını verə bilər. Biz onda görə bilərik ki, əgər əsası yoxdusa, bu qərəzdir, əsası varsa, onun da həlli yolları başqadır. Ancaq bu, birmənalı şəkildə bu bütün ölkələrdən idxal olunan məhsullara şamil olunan yoxlamalardır. 

Hətta zamanında Rusiya-Türkiyə münasibətləri arasında soyuqlaşma olanda Türkiyədən ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlı sərt qaydalar qoyulmuşdu. Sonra bu, Rusiyanın daxili bazarına mənfi təsir etmişdi. İstənilən halda bu məsələ öz həllini tapdı. O zamanda bunu siyasi təzyiq kimi dəyərləndirməyə çalışdılar. Görünən odur ki, Rusiya bazarında qiymət artımına səbəb oldu”. 

O ki qaldı miqrantlarla bağlı QR kod kimi yeni qüvvəyə minən qaydalara, millət vəkilinin sözlərinə görə, istənilən halda bir qayda hamıya şamil olunur: 

“Vizasız gediş-gəliş olan ölkələrdən olan miqrantlar iyunun 30-dan sonra ölkəyə daxil olması üçün ən azı 72 saat qalmış aidiyyəti qurumlara elektron qaydada portal vasitəsilə zəruri məlumatı ötürür. Səfərin səbəbi və digər məsələlər orada yer alır. 

Bundan sonra onun informasiyası təhlil olunur və şəxsə QR kodu verilir. Bu kod verildikdən sonra şəxs rahat biletini alıb, Rusiyaya gedə bilər. Ancaq bu, o demək deyil ki, QR kodu olduğu halda birmənalı şəkildə Rusiyaya buraxılacaq. QR kodu verən Federal Miqrasiya Xidmətidir ki, bu sərhəd xidmətinə təqdim olunur. 

Ancaq ola bilsin ki, digər qurumların bu və ya digər şəxslə bağlı sistemdə hansısa bir qərarı var. Bu qayda vizasız gediş-gəliş olan ölkələrin miqrantlarına şamil olunur. Bu, yalnız Belarusu çıxmaq şərtilədir. Belarusla ittifaq müqaviləsində də bu, onlara şamil olunmur. 

Ümumiyyətlə, bu, ayrıca Azərbaycanla bağlı olan qərar deyil. Onu da qeyd edək ki, Rusiyada qanunsuz miqrasiya ilə mübarizə sahəsində çox sərt siyasət yürüdülür. Bu sərt siyasətin effektivliyini təmin edə biləcək yeni qaydalar qəbul edilir və bu qaydalardan onlardan biridir”. 

Miqrantlarla bağlı yeni dalğa məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, Rusiyada qanunsuz miqrasiya ilə mübarizə müəyyən mənada öz nəticəsini verməkdədir: 

“Rusiya hökuməti görsə ki, əlavə qaydalara və alətlərə ehtiyac var, onları 2025-ci ilin ikinci yarısında tətbiq edəcəyi istisna hal deyil. Son yeni qayda da təsir edəcək. Mübarizənin effektivliyinə gəldikdə, ölkə ərazisinə daxil olan şəxslərdən tibbi arayışın tələb olunması kimi müzakirədə olan bəzi miqrasiya qaydaları var. Ola bilər ki, payıza yaxın məhz bu qaydaların tətbiqinin şahidi olacağıq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”