Mask Trampı sərt tənqid ETDİ

Mask Trampı sərt tənqid ETDİ

Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı təqdim etdiyi qanun layihəsi ölkədə ciddi narazılıq yaradıb. 

"Cebheinfo.az" xəbər verir ki, demokratların Senatdakı lideri Çak Şumer bu sənədi belə şərh edib: 

"Nə qədər çox baxırsan, bir o qədər dəhşətli görünür. Elə bil, “hamımız öləcəyik” deyə bir mesaj verir".

Onun sözlərinə görə, Trampın təklif etdiyi dəyişikliklər milyarderlərə vergi güzəştləri verir, amma bunun əvəzində 16 milyona yaxın amerikalının tibbi xidmətləri azaldılır.

Tənqidlər yalnız siyasətçilərdən gəlmir. Milyarder iş adamı İlon Mask da bu qanun layihəsini “iyrənc” adlandırıb.

O deyib ki, bu təşəbbüs onsuz da böyük olan büdcə kəsirini daha da artıracaq və amerikalıların çiyninə dözülməz borc yükləyəcək.

Mask mayın 28-də də Trampın planından dərin məyusluğunu ifadə edib.

Trampın “böyük, vahid və gözəl qanun layihəsi” adlandırdığı sənəd vergi və dövlət xərclərinin bir çox sahələrdə ciddi şəkildə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda hərbi sahəyə, xüsusilə “Golden Dome” (Qızıl Günbəz) adlı raketdən müdafiə sisteminə böyük vəsait ayrılması planlaşdırılır.

Sərhəd təhlükəsizliyi də bu layihədə əsas prioritetlərdəndir – bu sahədə də xərclərin artırılması nəzərdə tutulur.

Qanun layihəsi artıq mayın 22-də Nümayəndələr Palatasında təsdiqlənib. İndi növbə Senatdadı. Əgər oradan da keçsə, Tramp sənədi imzalayaraq qüvvəyə mindirə bilər.

Səbinə Uğur
"Cebheinfo.az"