Zəngilan və Cəbrayıla səfər: Partiya sədri nələr danışdı...

Zəngilan və Cəbrayıla səfər: Partiya sədri nələr danışdı...

Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və media təmsilçiləri Zəngilan və Cəbrayıla səfər ediblər.

İştirakçılar səfər çərçivəsində əvvəlcə Füzuli rayonunun Horadiz kəndində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatlarını izləyiblər. Daha sonra isə Cəbrayılda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.

Səfərdə iştirak edən Azad Vətən Partiyasının sədri Akif Nağı təəssüratlarını “Cebheinfo.az”-la bölüşüb.

“Səfər çox yüksək səviyyədə təşkil olunub. Yolboyu ermənilərin vəhşiliklərinin izlərini bir daha görürük. Lakin dağıdılmış kəndlər artıq yenidən bərpa olunur. Hər yerdə bərpa və quruculuq işləri aparılır. Biz ilk olaraq Füzuliyə yollandıq.

Orada minatəmizləmə işi ilə tanış olduq. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işçilərinin necə böyük əziyyət çəkdiklərini gördük. Ancaq vətən üçün çalışdıqlarına görə onların hər birinin üzləri gülürdü. Təlim xarakterli olsa da, minaların partladığını gördük. Həqiqətən çox çətin proses idi”.

Partiya sədri qeyd edib ki, hər yerdə yüksək səviyyədə abadlıq işləri aparılır: 

“Daha sonra Cəbrayıl və Zəngilana səfər etdik. Görülən işlərlə tanış olduq. Ümumiyyətlə, hər yerdə aparılan quruculuq işləri adamın gözlərini oxşayır. Həqiqətən də Qarabağda çox geniş miqyasda quruculuq işləri aparılır.

Cəbrayıl sakinləri ilə görüşdük, insanların yaşayış şəraitini və işlərini gördük. Çox maraqlı bir söhbət oldu. Zəngilan rayonunun Ağalı kəndinə getdik, çox gözəldir. Zəngilanda da yenidənqurma işləri sürətlə davam etdirilir”.

Elmir Mustafa
“Cebheinfo.az”