Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir”

Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir”

27 avqustda Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib.

Tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb. Lakin bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmadılar. Xatırladaq ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən kənar qaçması ilk dəfə deyil.

Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ və Fransa səfirinin Şuşaya getməməsi çox xoşagəlməz haldır:

“Artıq neçənci dəfədir ki, Azərbaycanda akkreditasiya olunmuş səfirlər Şuşaya getməkdən imtina edirlər. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mövqeyini ifadə edərək bildirdi ki, həmin səfirlər bundan sonra belə səfərlərə dəvət olunmayacaqlar. Hesab edirəm ki, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər olduğu üçün belə mövqe sərgiləyirlər. Son dönəmlərdə də, həm ABŞ, həm də Fransa tərəfindən Minsk qrupunun növbəti dəfə yenidən dirçəldilməsi cəhdləri olub. Əslində bu, həmin Minsk qrupudur ki, 30 ildir ki, cinayətkar fəaliyyətsizliyi ilə yadda qalıb. Problemin həllinə vasitəçilik missiyasını öz üzərinə götürən bir qurum bunu olduqca uğursuz şəkildə yerinə yetirib. Elə onun nəticəsizdir ki, torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Yalnız 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz gücünə beynəlxalq hüququ, qərar və qətnamələri bərpa etdi. Təbii ki, bu qurumun yenidən dirçəldilməsi cəhdləri heç bir halda qəbul edilə bilməz. Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Minsk qrupunun bundan sonrakı fəaliyyətinə heç bir halda razılıq verilməməsi ilə bağlı konkret mövqeyi var. ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirdə iştirak etməkdən imtina etmələrinin onların Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, Azərbaycanın qələbəsini həzm edə bilmədiyini göstərir”.

Partiya sədri qeyd edib ki, ABŞ və Fransanın səfirləri ölkədən göndərilməyəcək:

“Belə radikal qərarın verilə biləcəyini düşünmürəm. Çünki ABŞ və Fransa kifayət qədər nüfuzu və Azərbaycanla geniş əlaqələri olan ölkələrdir. Buna görə də hesab edirəm ki, ABŞ və Fransa səfirləri Azərbaycandan göndərilməyəcək. Amma təbii ki, Azərbaycan xalqının və dövlətinin bununla bağlı narazılığı onlara çatdırılıb. Həmçinin, buna görə ABŞ və Fransaya nota verilməlidir. Səfirləri ölkədən göndərmək isə artıq son hədd olar. Yəni bu, o deməkdir ki, ölkələr arasındakı münasibətlər tam olaraq dayandırılır. Bu isə əslində düşmənlərimizi növbəti dəfə sevindirə bilər”.

Arzuxan Əlizadə onu əlavə edib ki, Azərbaycanın Laçından sonrakı hədəfi Xankəndi olmalıdır:

“Azərbaycan ərazisində hal-hazırda müqaviləyə əsasən sülhməramlı adlandırılan rus hərbçiləri yerləşdirilib. Hesab edirəm ki, buna da son qoymaq lazımdır. Yəni rus ordusunun da ölkəmizdən çıxarılması ilə bağlı ciddi addımlar atılmalıdır. Biz düşmənləri dosta çevirməliyik. Təbii ki, həm ABŞ, həm Fransa Azərbaycanın söz sahibi olduğunu qəbul edəcəklər və reallıqlarla barışacaqlar. Çünki təkcə Azərbaycan deyil, Türkiyə də regionda söz sahibinə çevrilib. ABŞ, Fransa və beynəlxalq birliyə çatdırılmalıdır ki, Azərbaycan öz torpaqlarının sahibidir, suveren dövlətdir. Öz ərazilərində hansısa addımı atmaqla bağlı qərar da yalnız Azərbaycana məxsusdur. Heç bir dövlət bu və ya digər formada Azərbaycanın daxili işlərinə qarışa bilməz”.

Elmir
Cebhe.info