Soçi görüşü: “Azərbaycan qalib ölkə olaraq şərtləri diqtə etdi”
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşündə Qarabağ münaqişənin həll olunduğunu bir daha vurğulayıb:
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.
Həmçinin, Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub. Putin görüşün faydalı keçidiyini açıqlayıb:
“Biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Bizim bütün ölkələr dedikdə, həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, dünənki görüş Azərbaycanın maraqlarının təmin olunduğunu göstərdi:

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə Rusiya tərəfi qısqanclıqla yanaşır. Çünki Kreml moderatorluğu və vasitəçilik missiyasını əlindən vermək istəmir. Bunun kökündə də prosesi nəzarətdən buraxmamaq istəyi dayanır. Tərəflərin konkret tələbləri var. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putin ilə dünənki görüşdə bir daha xüsusi vurğuladı ki, bizim irəli sürdüyümüz və beynəlxalq hüquqa əsaslanan 5 şərtimiz var. Bu şərtlər çərçivəsində danışıqların aparılmasının və gələcəkdə sülh müqaviləsinin imzalanmasının tərəfdarıyıq. Rəsmi Bakının əsas şərti ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanısın və Qarabağa iddialarından əl çəksin. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə görüşündə konkret mövqeyini də bildirdi ki, Qarabağ münaqişəsi artıq 2 il bundan əvvəl öz həllini tapıb və bununla bağlı müzakirə ediləcək məsələ yoxdur. Sadəcə olaraq Ermənistanla gələcək münasibətlərin normallaşması və sərhədlərin müəyyən edilməsi istiqamətində danışıqlar aparılmalı və konkret addımlar atılmalıdır. Azərbaycanın şərtləri şəffafdır və beynəlxalq hüquqa əsaslanır. Əslində Azərbaycan qalib ölkə olaraq şərtləri diqtə edir. Ermənistan tərəfi isə absurd təkliflərlə çıxış edir. Onlar xüsusilə də son zamanlar revanşist addımlara həvəsləniblər. ümumiyyətlə, onların irəli sürdüyü şərtlər heç bir halda qəbul oluna bilməz”.
Partiya sədri hesab edir ki, dünənki görüş əvvəlki Moskva və Soçi görüşlərinin davamı oldu:
“Verilən bəyanatlardan da görünür ki, əvvəl qəbul olunmuş şərtlər və müzakirə olunmuş məsələlər bir daha vurğulanıb. Amma konkret hansısa ciddi bir irəliləyişə nail olunmayıb. Biz bunu əvvəlcədən də proqnozlaşdırırdıq. Çünki Rusiyanın vasitəçiliyi problemin qorunub saxlanılmasına xidmət edir. Kremlin məqsədi ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması təxirə salınsın. ümumiyyətlə, bölgədə nə qədər gərginlik qalsa, Rusiya özünü daha rahat hiss edir. Çünki tərəflər arasında sülh müqaviləsi imzalandıqdan sonra nə sülhməramlı adlandırılan rusiyalı hərbçilərin Azərbaycan ərazisində qalmasına, nə də Rusiyanın bu proseslərdə iştirakına ehtiyac qalır. Rəsmi Moskvanın mövqeyi odur ki, proses nə qədər uzansa, onun vasitəçiliyinə o qədər ehtiyac yaranacaq. Amma təbii ki, bu da davamlı ola bilməz. Necə ki, Azərbaycan 30 il ərzində işğal altında qalan torpaqlarının əhəmiyyətli hissəsini güc yolu ilə azad edə bildi, eləcə də proses uzanacağı və qeyri-səmimi vasitəçilik missiyası gündəmə gələcəyi təqdirdə, son sözü Azərbaycan deyəcək və qalan ərazilərimizi də nəzarətə götürməklə bağlı addımlar atılacaq”.
Elmir
Cebhe.info

