Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik ROLU

Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik ROLU

“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”.

Bunu Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Eyni zamanda İlham Əliyev Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edib:

“Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur”.

Maraqlıdır, bu sərmayələr gələcəkdə ortaq iqtisadi məkan və ya vahid infrastruktur layihələrinin əsasını qoya bilər?

Millət vəkili, iqtisadçı-ekspert Azər Badamov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatının lokomotivi rolunu oynayır. 

Onun sözlərinə görə, ölkəmizin yerləşdiyi strateji coğrafiya və son illərdə həyata keçirdiyimiz iri nəqliyyat layihələri bizi türk dövlətləri arasında bir körpüyə çevirib. 

"Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında baş verən yükdaşımaların mühüm hissəsi məhz Azərbaycan üzərindən həyata keçirilir. 2024-cü ildə ölkəmiz üzərindən 15 milyon ton yük daşınıb ki, bu da regiondaxili inteqrasiyanın praktiki göstəricisidir.

Azərbaycan nəqliyyat sektoruna davamlı şəkildə böyük investisiyalar yatırıb. Bu sərmayələr təkcə daxili ehtiyaclara deyil, həm də türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bununla yanaşı, Azərbaycan ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Bu vəsaitlər əsasən ortaq müəssisələrin qurulmasına, logistik mərkəzlərin və sənaye sahələrinin inşasına yönəlib.

Xüsusilə, təkcə Türkiyə iqtisadiyyatına yatırılan investisiyanın həcmi 19,5 milyard dolları keçib. Qeyd etmək lazımdır ki, Türkiyə də Azərbaycan iqtisadiyyatına 13 milyard dollara yaxın investisiya yatırıb.

Azərbaycan eyni zamanda Mərkəzi Asiya ölkələrində də bir sıra iqtisadi layihələrə sərmayə qoyur. Bu qarşılıqlı investisiyalar ölkələrimiz arasında iqtisadi bağların güclənməsinə, daha sıx və davamlı əməkdaşlıq mühitinin formalaşmasına səbəb olur.

Bu mənzərə fonunda demək olar ki, bu gün qoyulan sərmayələr gələcəkdə ortaq iqtisadi məkanın və regional infrastruktur şəbəkəsinin əsas sütunlarından birinə çevrilə bilər".

Millət vəkili qeyd edib ki, Türk İnvestisiya Fondu 2023-cü il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşündə imzalanan saziş əsasında yaradılıb:

“Fondun əsas məqsədi üzv ölkələr arasında ticarəti canlandırmaq, xüsusilə də mikro, kiçik və orta sahibkarlıq subyektlərini maliyyə baxımından dəstəkləməkdir. Bundan əlavə, Fond “yaşıl iqtisadiyyat”a keçidi təşviq edən layihələrə xüsusi önəm verir.

Azərbaycanın bu qurumdakı rolu təkcə təsisçi mövqeyindən deyil, həm də regiona yatırdığı investisiyalar və həyata keçirdiyi iqtisadi layihələrlə müəyyən olunur. Azərbaycanın geniş maliyyə imkanları və təşəbbüskar rolu ona fondun qərarverici mexanizmlərində önəmli yer tutur. Türk İnvestisiya Fondunun gələcək fəaliyyəti, əsasən, enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və bərpa olunan enerji sahələrində olacaq.

Məhz Türk İnvestisiya Fondu vasitəsilə həyata keçiriləcək layihələr regionun iqtisadi çəkisini artırmaqla yanaşı, üzv dövlətlər arasında iqtisadi inteqrasiyanı daha da gücləndirəcək. Beləliklə, fond həm real sektorda yeni imkanlar yaradacaq, həm də türk dünyasında iqtisadi təhlükəsizliyin və qarşılıqlı asılılığın güclənməsinə töhfə verəcək”.

Səbinə Uğur
"Cebheinfo.az"