Bakıda bu torpaq və evlərin satışı tam dayanacaq: YENİ QADAĞA

Bakıda bu torpaq və evlərin satışı tam dayanacaq: YENİ QADAĞA

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub.

Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır. 

Qeyd edək ki, oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər. Yəni bu qərar oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Onu da vurğulayaq ki, hazırda yüz minlərlə sənədsiz evlərin sakinləri kommunikasiya xidmətlərindən istifadə edirlər.

Ancaq oktyabrın 1-sonra tikilən sənədsiz evlərə kommunal xidmətinin qadağan olunması ev bazarında bahalaşmaya gətirib çıxaracaqmı?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, bu vəziyyət çıxarışlı torpaqların və mənzillərin satış qiymətinə təsir göstərəcək və qiymətlər artacaq:

“Digər tərəfdən, çıxarışı olmayan torpaq sahələrinin alıcı sayını həddindən çox azaldacaq. Yəni artıq çıxarış yoxdursa və vətəndaş oraya kommunikasiya xətləri çəkə bilməyəcəksə, o zaman belə torpaqları, mənzilləri almayacaq. Nəticədə onların satış qiymətlərində böyük həcmdə enmələr olacaq”. 

Ekpertin fikrincə, bu, sənədsiz evlərin tikintisinin qarşısını almaq üçün problemin həlli yolu deyil: 

“Bu sahədə problemin həlli yolu odur ki, ümumiyyətlə, çıxarışların verilməsi ilə bağlı ciddi bir addım atılsın. Yəni vətəndaşların çıxarışsız torpaqlarına, çıxarışsız evlərinə çıxarışların verilməsinə ciddi yanaşılsın. Bu zaman artıq məlum olacaq ki, hansı ərazilərdə çıxarışların verilməsi mümkündür, hansı ərazilərə mümkün deyil. Bəzi ərazilər tikintinin qadağan olunduğu ərazilərdir. Birmənalı olaraq orada tikinti işləri aparmaq mümkün deyil, çıxarış verilə bilməz.

Digər tərəfdən, kommunikasiya xətləri ilə bağlı, məsələn, böyük massivdir, ərazidə sərhəd yoxdur, vaxtilə evi tikib yaşayıblar. Kiminsə orada boş torpaqları qalıb, indi kommunikasiya verilmədiyi üçün orada ev tikə bilmir. Bu da vətəndaşlar tərəfindən birmənlı qarşılanmır. Bu da br faktdır ki, təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün müvafiq qurumlarla müqavilələri əllərindədir”. 

Nigar Abdullayeva 
Cebhe.info