DSMF-nin gəlirləri çox olacaq

DSMF-nin gəlirləri çox olacaq

““Büdcə sistemi haqqında” və digər qanunvericilik aktlarına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu və “İşsizlikdən Sığorta Fondunun 2026-ci il üçün büdcə layihələri hazırlanıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. 

Nazir bildirib ki, müvafiq layihələr növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı, məşğulluq imkanları, demoqrafik vəziyyət və əmək ehtiyatları proqnozlarına əsaslanaraq tərtib edilib: 

“Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur. Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. 

Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. 

Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir. Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır. 

2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur”. 

A.Əliyev qeyd edib ki, dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır. 

Vilayət Muxtar 
“Cebheinfo.az”