MİRAS İctimai Birliyi Azərbaycan mədəni irsinin İtaliyada tanıdılmasına dair beynəlxalq layihəyə başlayıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş yeni layihənin icrasına başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında məlumatlılığın Avropa məkanında, xüsusilə İtaliyada artırılması, bu istiqamətdə elmi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq platformalarının inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində Azərbaycan irsinə dair italyan dilində elmi-kütləvi kitab hazırlanaraq nəşr edilib. İtaliyanın beş şəhərində baş tutan görüşlərdə nəşrin tanıdılması həyata keçiriləcək. Görüşlər zamanı Azərbaycan tarixinin, arxeoloji və mədəni irs nümunələrinin beynəlxalq auditoriyaya çatdırılması, elmi müzakirələrin təşkili və yeni tərəfdaşlıq imkanlarının yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, layihə çərçivəsində media və PR fəaliyyəti həyata keçiriləcək, foto və video materiallar hazırlanacaq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək. Layihənin tərəfdaşlarından biri İtaliyada fəaliyyət göstərən beynəlxalq mədəni irs platforması YOCOCU təşkilatıdır.
“MİRAS” İctimai Birliyinin nümayəndələrinin sözlərinə görə, layihə Azərbaycan irsinin Avropada daha sistemli və peşəkar şəkildə təqdim olunmasına, İtaliya auditoriyasında ölkəmizin tarixi-mədəni dəyərlərinə marağın artırılmasına və gələcək elmi-mədəni əməkdaşlıqların formalaşmasına mühüm töhfə verəcək.
Layihə çərçivəsində keçiriləcək görüşlərdə 100-dən çox iştirakçının iştirakı, media resurslarında geniş işıqlandırma və yeni beynəlxalq əməkdaşlıq təşəbbüslərinin yaranması gözlənilir.
"Cebheinfo.az"

