Hörmüz boğazı nə vaxt açılır?
ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra Hörmüz boğazında vəziyyətin sabitləşməsi gözlənsə də, gəmiçiliyin tam şəkildə bərpası üçün müəyyən vaxt tələb olunacaq.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük tanker donanması operatorlarından biri olan “Mitsui OSK Lines” şirkətinin rəhbəri Zetaro Tamura bildirib ki, boğazdan normal və təhlükəsiz keçidlərin bərpası bir neçə həftədən bir aya qədər çəkə bilər.
Onun sözlərinə görə, gəmiçilik şirkətləri vəziyyətin həqiqətən sabitləşdiyinə əmin olmadan əvvəlki fəaliyyət rejiminə qayıtmağa tələsməyəcəklər.
“Financial Times” qəzetinin məlumatına görə, hazırda yüzlərlə gəmi Hörmüz boğazı yaxınlığında təhlükəsiz keçid üçün gözləmə mövqeyindədir.
Bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmanı təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrə şəhərində imzalanması nəzərdə tutulur.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə edəcəklər.
Razılaşmaya əsasən, ABŞ iyunun 15-dən etibarən İranın dəniz blokadasına son qoyacaq, həmçinin regionda, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.
Aişə Abdulova
“Cebheinfo.az”

