Kral ailəsinin üzvünə 4 il həbs cəzası verildi
Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borg Hoibi təcavüz işi üzrə məhkəmə tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.
"Cebheinfo.az" xəbər verir ki, Norveçin dövlət yayım qurumu NRK-nin məlumatına görə, Oslo Rayon Məhkəməsində keçirilən iclasda Hoibi iki təcavüz cinayəti ilə yanaşı, ailədaxili zorakılıq və ağır bədən xəsarəti yetirməkdə də təqsirli bilinib.
Oslo Rayon Məhkəməsinin qərarına əsasən, Marius Borg Hoibi 4 il həbs cəzasına məhkum olunub. Məhkəmə həmçinin onun 4 qadına ümumilikdə 60 min dollardan çox təzminat ödəməsinə qərar verib. Bununla yanaşı, məhkəmə Hoibinin irəli sürülən 4 təcavüz ittihamından 2-si üzrə bəraət aldığını açıqlayıb. NRK-nın xəbərində qeyd olunub ki, prokurorluq Hoibi üçün 7 il 7 ay həbs cəzası tələb edib, müdafiə tərəfi isə 1 il 6 ay cəza verilməsini istəyib.
Hoibinin vəkili Petar Sekulic mətbuata açıqlamasında bildirib ki, apellyasiya hüququ olan müvəkkilinin azadlığa buraxılması üçün müraciət edəcəklər. Qeyd edək ki, ABŞ-də azyaşlı qızların cinsi istismarı şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqələrinin ortaya çıxmasından sonra Şahzadə Mette-Maritin ailəsi də mediada geniş müzakirə olunmuşdu.
Xatırladaq ki, Hoibi 2024-cü ildə təcavüz ittihamı ilə iki dəfə saxlanılmış, lakin ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

