Rüşvətə son: Dövlət imtahanı nə ilə əvəzlənəcək?

Rüşvətə son: Dövlət imtahanı nə ilə əvəzlənəcək?

“Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub”.

Bunu Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.

O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:

“Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır”.

Qeyd edək ki, bu gün bir sıra düya ölkələrinin ali təhsil sistemində dövlət imtahanı tətbiq edilmir. Ölkəmizin ali təhsil ocaqlarında isə uzun illərdir ki, dövlət imtahanı tətbiq edilir.

Bu imtahan qaydasının ləğvi edilməsindən sonra onu hansı sistem əvəz edəcək?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, Nazirlər Kabinetinin 2020-ci il qərarına əsasən ali təhsil
müəssisələrində dövlət imtahanı ləğv edilib:

“Məzmun baxımından mənasızdır. Dövlət imtahanı ali təhsilin özünün-özünə etibarsızlığını göstərir. Çünki dövlət imtahanı tələbənin
4 il ərzində keçdiyi fənnlərdən təkrar imtahan verməsidir.

Onsuzda I, II, III kursda oxuyanda o fənlərdən imtahan vermişəmsə, təkrar niyə o fənnlərdən imtahan verməliyəm? Məzmun baxımından bu, absurd idi. Biz bir neçə il öncə bu barədə təkliflər verdik, Naizrlər Kabineti bu barədə qərar qəbul etdi.

Hazırda I, II, III kursa oxuyanlar dövlət imtahanı verməyəcəklər. Yalnız hazırda IV, qiyabidə V kursda oxuyanlar dövlət imtahanı verəcəklər. Ondan sonra isə yalnız diplom işi yazacaqlar. Yəni ali təhsili başa vurmaq haqqında, təhsil müddətində bilik və bacarıqları əks etdirən mövzular üzrə diplom işi yazacaqlar.

Dövlət imtahanı artıq Azərbaycan ali təhsil sistemində yoxdur. ümumiyyətlə, dünyanın heç bir ölkəsində dövlət imtahanı yoxdur. Dövlət imtahanı əsasən də rüşvət, korrupsiya kimi neqativ hallara şərait yaradırdı. Artıq tələbə müəyyən mövzu üzrə diplom işi yazacaq”.

Nigar Abdullayeva
Cebhe.info