Metroda elektrik kəsildi: Sərnişinlər köməksiz qaldı

Metroda elektrik kəsildi: Sərnişinlər köməksiz qaldı

İngiltərənin paytaxtı Londonda baş verən elektrik kəsintisi metro nəqliyyatını iflic edib. 

"Cebheinfo.az" xəbər verir ki, nəticədə bir çox metro xətti istifadəolunmaz vəziyyətə düşüb, sərnişinlər isə qatarlarda köməksiz qalıb.

İngiltərə Milli Şəbəkəsi (National Grid) Londonun mərkəzində yerləşən elektrik ötürücü xəttində nasazlıq yarandığını açıqlayaraq, baş verənlərə görə üzr istəyib.

Qurumun açıqlamasında bildirilib ki, nasazlıq saniyələr içində aradan qaldırılıb və kabellərdə yaranan kiçik miqyaslı yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində yaranan gərginlik isə bu xaosun əsas səbəbi olub.

National Grid bildirir ki, bütün şəbəkənin bərpası istiqamətində işlər davam etdirilir. Sərnişinlər isə metroda köməksiz qaldıqlarını və istidən ciddi şəkildə təsirləndiklərini bildirirlər.

"SKY News"-a danışan bir sərnişin “Elektrik yox idi və qapılar açılmırdı”, - deyib. 

Hadisə zamanı böyük çamadanları olan turistlər, eləcə də yaşlı və fiziki məhdudiyyətli insanlar liftlər işləmədiyi üçün pilləkənlərə çıxmaq məcburiyyətində qalıblar.

Bəzi sərnişinlər personalın səylərinə görə təşəkkür etsələr də, digərləri "Personal nə edəcəyini və bu vəziyyəti necə idarə edəcəyini bilmirdi" deyə narazılıqlarını ifadə ediblər.Metro nəqliyyatının normallaşması üçün işlər davam etdirilir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"