Hindistan indi də ABŞ ilə "vuruşur"

Hindistan ABŞ-nin polad və alüminium ixracına tətbiq etdiyi yüksək tariflərə cavab olaraq, 29 Amerika məhsuluna əlavə gömrük rüsumları tətbiq edəcəyini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Economic Times" yazıb.
Yeni qərara əsasən, Hindistanın gömrük rüsumları 30 gün sonra qüvvəyə minəcək. Eyni zamanda, Hindistan bu bildirişi sonradan dəyişmək və ya geri götürmək hüququnu da özündə saxlayır.
Tətbiq olunacaq əlavə rüsumlar bor turşusu, polad məmulatları, antifriz və bəzi quru meyvə növləri kimi məhsulları əhatə edəcək. Bu rüsumların ümumi məbləği 1,91 milyard dollar olacaq.
Nəticədə bu məhsullar üzrə Hindistanın ABŞ-yə ixracı 7,6 milyard dollara çatacaq ki, bu da ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi yeni tariflərə bərabərdir.
ABŞ martın 12-dən etibarən Hindistanla əvvəlcədən heç bir məsləhətləşmə aparmadan polad və alüminiuma 25 faiz rüsum tətbiq edib.
Vaşinqton bu addımı "ABŞ-nin milli təhlükəsizliyini qorumaq məqsədi" ilə atdığını bildirib.
Qeyd edək ki, ABŞ və Hindistan arasında yeni ticarət razılaşması ilə bağlı danışıqlar yekunlaşıb.
Bu razılaşma həm ticarət həcmini artırmalı, həm də hər iki ölkənin təchizat zəncirlərinə inteqrasiyasını gücləndirməlidir.
ABŞ hazırda Hindistanın ən iri ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 129 milyard dollar olub və bu ticarətin 45,7 milyard dolları Hindistanın xeyrinə formalaşan profisitdir.
Səbinə Uğur
"Cebheinfo.az"