PKK-nın İranı qorxudan QƏRARI

“Türkiyədə aylardır davam edən “kürd açılımı” artıq öz nəticəsini verir”.
Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, 40 ildir Türkiyəni terror bataqlığına sürükləyən, onminlərlə əsgərin, sivil vətəndaşın qətlinə səbəb olmuş PKK artıq özünü buraxdığını elan edib:
“Son 15 ildə bir çox uğurlu siyasi kombinasiyalar həyata keçirmiş AKP-MHP ittifaqı bu düyünü də açmağı bacardı. Proses bu cür davam etsə və möcüzə baş verməsə, Türkiyənin baş bəlasına çevrilmiş 40 illik problem həllini tapacaq. PKK-nın Yaxın Şərqdə də qanadları var idi.
İranda bu PJAK, Suriyada PYD-YPG adlanır. PKK Şimali İraqdakı “peşmərgə”dən də qidalanırdı. İranın hakim molla rejimi kürd silahlılarından hər zaman Türkiyəyə qarşı istifadə edib. Doğrudur, marksist PKK ilə molla İranının elə bir ideoloji bağı yoxdur”.
Lakin ekspert diqqətə çatdırıb ki, şüubiyyə-sasani ideoloji xəttində olan molla hakimiyyəti türk-islam xəttinə hər zaman düşmən kimi yanaşıb, Türkiyənin və türk dövlətlərinin güclənməsini istəməyib:
“İranın PJAK-a dəstəyi son illərə qədər davam edirdi. Ancaq İran artıq o gücdə və həvəsdə deyil. İranın qürrələnərək söylədiyi “şiə hilalı” dağıldı, Suriya əldən çıxdı. “Vilayəti fəqih”in nüfuz dairəsi getdikcə daralır. Yaxın Şərqdə İranın əsas gücü olan proksi-qüvvələrə ciddi zərbə vurulub.
Son 5 ildə İranın bölgədəki əsas fiqurları sıradan çıxarılıb, zərərsizləşdirilib. Ən əsası, İran beynəlxalq münasibətlər sistemində ciddi şəkildə sıxışdırılıb. Tehran hökuməti artıq başının hayındadır. Həm də ölkənin azərbaycanlı Prezidenti Məsud Pezeşkian Türkiyə və Azərbaycanla münasibətləri yumşaltmaq missiyası ilə gəlib”.
Onun sözlərinə görə, belə bir zamanda İranın əlavə gərginliyə gedəcəyi ağlabatan görünmür:
“Bu səbəbdən də İran bölgədə güclənməkdə olan, artıq supergücə çevrilmək yolunda inamla addımlayan Türkiyənin “PKK açılımı” siyasətinə mane ola biləcəyini düşünmürəm. Əksinə, rəsmi Tehran terroçuların düşərgəsinə zərbələr vurmaqla Türkiyəyə dəstək nümayiş etdirə bilər”.
Elmir Mustafa
“Cebheinfo.az”