Eşqi Bağırov: “102 min şagird 1-ci sinfə qəbul olunub”
“102 min uşağın 1-ci sinfə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib”.
"Cebheinfo.az” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mayın 1-dən start götürən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu uğurla davam edir:
“Proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.
Dünəndən - 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-inə kimi davam edəcək. Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq.
Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun (məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir”.
Nigar Abdullayeva
"Cebheinfo.az"