Azərbaycanda neft emalı 18%-dən çox azalıb

Azərbaycanda neft emalı 18%-dən çox azalıb

2025-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, 4 ay ərzində neftin emalı 1,8 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.2% azdır

Qeyd edilib ki, bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Bu ilin aprel ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

“Cebheinfo.az”