Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq

Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq

"Postpandemiya dövründə dünyada geostrateji tarazlığın yenidən qurulması prosesi, Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin dünya iqtisadiyyatına yönəlik yeni yanaşmaları qlobal iqtisadi parametrlərdə mühüm dəyişikliklər yaradıb. 

Artıq iqtisadi güc yalnız ümumi daxili məhsulla deyil, enerji təhlükəsizliyi, logistik çeviklik və regional təsir imkanları ilə ölçülür. Bu mənada, Azərbaycanın artan rolu açıq şəkildə görünür."

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı alim Fuad İbrahimov deyib.

Ekspert qeyd edib ki,  mövcud iqtisadi sabitliyi, zəngin təbii sərvətləri və bu sərvətləri iqtisadi dövriyyəyə cəlb etmək bacarığı fonunda formalaşan müasir infrastruktur layihələri – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolunun strateji baxımdan nə qədər uzaqgörənliklə planlaşdırıldığını bu gün daha aydın görürük:

"Dünyada iqtisadi tələblər dəyişdikcə, Azərbaycan öz tranzit potensialı və əlverişli coğrafi mövqeyi ilə daha da cazibədar bir ölkəyə çevrilir. Çin və ABŞ arasında artan gərginlik fonunda alternativ bazarlara çıxış daha da əhəmiyyət kəsb edir. 

Bu nöqtədə, Avropa bazarı hələ də ən güclü ödəniş qabiliyyətinə malik alternativlərdən biri olaraq qalır. Məsələn, 2019-cu ildə Çin-Avropa  ticarət dövriyyəsi 540 milyard dollar təşkil edirdisə, bu rəqəm 2023-cü ildə pandemiyaya baxmayaraq, 750 milyardı ötüb və artım tempinə görə trilyona yaxınlaşır.

Bu həcmdə yükdaşımalar üçün Azərbaycan üzərindən keçən qlobal nəqliyyat qovşaqları – Zəngəzur dəhlizi, İran və ya Gürcüstan üzərindən keçən alternativ marşrutlar xüsusi əhəmiyyət daşıyır. Hər üç istiqamət mütləq şəkildə gücləndirilməli, texniki imkanları artırılmalıdır.

Əlbəttə, bu layihələr təkcə iqtisadi deyil, həm də strateji və ideoloji xarakter daşıyır. Türk dünyasının birləşməsi ideyası da bu kontekstdə aktualdır. Ancaq konkret olaraq Zəngəzur dəhlizi iqtisadi baxımdan daha çevik və yükaşırma qabiliyyəti baxımından üstün hesab olunur. Bu dəhlizin açılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün də yeni imkanlar yaradacaq.

İxrac dəhlizləri üzərində yerləşəcək istehsal obyektləri bir tərəfdən rəqabət mühitini formalaşdıracaq, digər tərəfdən isə qiymətlərin formalaşmasında şəffaf və bazaryönümlü mexanizmləri dəstəkləyəcək. Bu isə ümumilikdə Azərbaycanın qeyri-neft sektoru-xidmət sahələri, turizm, istehsal və digər istiqamətlər üçün ciddi bir inkişaf platforması olacaq.

Qısa müddətdə Azərbaycan həm tranzit, həm də logistika sahəsində əldə edəcəyi gəlirlərlə qeyri-neft sektoruna güclü impuls verəcək və iqtisadiyyatın şaxələndirilməsi prosesini daha da sürətləndirəcək."

Səbinə Uğur
"Cebheinfo.az"